Qaradağ rayonunda ilk Avropa Oyunlarına hazırlıq işləri davam edir
“Bakı-2015” ilk Avropa Oyunları ilə əlaqədar Qaradağ Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işləri intensiv şəkildə davam etdirilir. Bu məqsədlə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov tərəfindən müvafiq sərəncam verilib və tədbirlər planı təsdiq edilib.

Tədbirlər planına əsasən, görülən işlər nəticəsində rayon ərazisindən keçən dairəvi yol ətrafında geniş bir sahədə abadlıq işləri aparılaraq ərazidə təmizləmə tədbirləri görülüb, yeni torpaq qatı salınıb və mineral gübrələr səpilib. Yol kənarlarına Eldar şamı, zeytun, liandra, tuya və bir sıra dekorativ gül və ağac kolları əkilib, süni ot örtüyü salınıb, landşaft elementlərindən ibarət maraqlı kompozisiyalar yaradılıb. Həmçinin dairəvi yolun ətrafında yerləşən evlərin fasadları boyanaraq dam örtükləri təmir edilib, istinad divarları çəkilib. Salınan yaşıllığın qorunması üçün suvarma sistemləri qurularaq mütəmadi iməciliklər keçirilir.

Bundan başqa, “Bakı-2015”-in loqosu, Avropa Oyunlarında keçiriləcək idman yarışlarının şəkilləri rayon ərazisinə giriş hissədə yerləşdirilib. Rayonun digər ərazilərində də abadlıq-quruculuq işləri davam etdirilir.

Xəbər 699 dəfə oxundu.