Hamıdan fəallıq, fədakarlıq, vicdan və qələbə əzmi gözləyirəm
2012-ci ildə Yay Olimpiya oyunları keçiriləcək. Biz bu oyunlara ciddi hazırlaşırıq. 2011-ci ildə kifayət qədər lisenziyalar əldə etmişik. Dünya, Avropa çempionatlarında qələbələr qazanmışıq, yəni, ümidlərimiz böyükdür. 2012-ci ildə bizim on olimpiya kompleksimiz tikiləcək. Böyük Olimpiya Stadionunun tikintisi artıq fəal fazaya keçəcək. Altmış beş minlik böyük Olimpiya Stadionu tikilir. Tofiq Bəhramov adına Respublika stadionunda təmir-bərpa işləri aparılır ki, Bakıda qızlar arasında keçiriləcək dünya çempionatına hazır olsun. Digər idman obyektləri tikilməkdədir. Böyük gimnastika kompleksi, Bakı “Kristal” İdman Konsert Kompleksi tikilir. Yəni, bu sahəyə həmişə olduğu kimi, böyük diqqət göstərilib. 2012-ci ildə həm ölkə daxilində olan hadisələr, həm olimpiya oyunlarına hazırlıq, olimpiya oyunlarının keçirilməsi nəzərdə tutulur. Mən hesab edirəm ki, biz 2012-ci ili “İdman ili” elan etməliyik. Bu məsələ ilə bağlı öz fikrimi bildirirəm və bununla bağlı müvafiq sərəncam imzalayacağam.
Beləliklə, 2012-ci il başlayır. 2012-ci ildə görüləcək işlər çoxdur. Hamıdan fəallıq, fədakarlıq, vicdan və qələbə əzmi gözləyirəm.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 16-da Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqindən.

Xəbər 4901 dəfə oxundu.