Avropa Çempionatında 3-cü tur
Çakvidə keçirilən (Gürcüstan) qadınlar arasında 16-cı şəxsi Avropa Çempionatında 3-cü turun görüşləri başa çatıb. 19 ölkədən 99 (53 qrossmeyster) şahmatçının iştirak etdiyi yarışda Azərbaycanı beynəlxalq qrossmeysterlər - Gülnar Məmmədova, Zeynəb Məmmədyarova, Günay Məmmədzadə, Nərmin Kazımova, beynəlxalq ustalar-Ülviyyə Fətəliyeva, Səbinə İbrahimova, Nərgiz Umudova, Xəyalə Abdulla, Ustalığa namizədlər-Aydan Höccətova, Xanım Balacayeva, Nərmin Məmmədova, həmçinin Nərmin Söyünlü və Aysel Məmmədova təmsil edirlər.

3-cü turda Zeynəb Məmmədyarova Gürcüstan təmsilçisi Madona Bakucova üzərində qələbə qazanıb. Abdulla Xəyalə rusiyalı Tatyana İvanovanı sınağa çəkib. Görüş həmyerlimizin xeyrinə başa çatıb . Bu turda digər qələbə qazanan şahmatçımız Ülviyyə Fətəliyeva olub. Fətəliyeva Türkiyə şahmatçısı ZehraTopeli məğlub edib.Nərmin Kazımova yerli şahmatçı Aleksandra Vxanena ilə xalları yarı bölüb. 3-cü turda həmyerlilərimiz, Günay Məmmədzadə və Aydan Höccətova qarşılaşması sülhlə nəticələnib. Nərmin Məmmədova və Çexiya şahmatçısı Martina Korenova qarşılaşmaları da heç-heçə ilə nəticələnib.Gülnar Məmmədova, Nərgiz Umudova və Səbinə İbrahimova bu turda xal toplaya bilməyiblər.

3 turdan sonra Ülviyyə Fətəliyeva 2 xal, Zeynəb Məmmədyarova,Aydan Höccətova, Günay Məmmədzadə və Abdulla Xəyalə 1.5 xal, Səbinə İbrahimova, Gülnar Məmmədova, Nərgiz Umudova, Nərmin Məmmədova, Aysel Məmmədova və Nərmin Kazımova 1 xal, Xanım Balacayeva və Nərmin Söyünlü isə 0.5 xal toplayıb.

Xəbər 733 dəfə oxundu.