Xaçmazda keçirilən voleybol üzrə zona birinciliyində 10 komanda medallar uğrunda mübarizə aparır
Mayın 21-də Xaçmaz Olimpiya İdman Kompleksində məktəblilər arasında voleybol üzrə zona birinciliyinə start verilib.

“Bakı-2015” birinci Avropa Oyunlarının proqramına daxil olan idman növlərinin məktəblilər arasında təbliğinə həsr edilmiş kütləvi tədbirlər çərçivəsində reallaşan yarışda 10 komanda qüvvəsini sınayır. Turnirə şimal regionunun idmançıları ilə yanaşı, Sumqayıt şəhərini, eləcə də Abşeron, Qubadlı və Qobustan rayonlarını təmsil edən komandalar da qatılıb.

Turnirin açılış mərasimində Təhsil Nazirliyinin, yerli icra orqanlarının və idman ictimaiyyətinin nümayəndələri çıxış ediblər.

Təhsil Nazirliyinin nümayəndəsi İlqar Nuriyev bildirib ki, birinci Avropa Oyunları ərəfəsində ölkəmizdə aparılan təbliğat kampaniyası çərçivəsində təşkil olunan məktəblilərarası zona yarışları mayın sonunadək davam edəcək. Yarışlarda 6 zonanın 74 şəhər və rayonundan 6 mindən çox şagirdin iştirakı nəzərdə tutulub. Zona yarışlarının keçirilməsində məqsəd isə birinci Avropa Oyunlarının proqramına daxil olan idman növlərini məktəblilər arasında təbliğ etməkdir.

İki gün davam edən voleybol yarışının qalibləri Təhsil Nazirliyi tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.

Xəbər 733 dəfə oxundu.