Qədim Oğuz diyarı Tovuz ilk Avropa Oyunlarının məşəlini qarşıladı
Birinci Avropa Oyunlarının məşəli mayın 19-da söz və saz diyarı olan, gündən-günə abadlaşan və gözəlləşən Tovuz şəhərinə gətirildi. Minlərlə rayon sakini Heydər Əliyev prospekti boyu düzülərək ilk Avropa Oyunlarının məşəl estafetini böyük sevinclə qarşıladılar.

Taekvando üzrə Azərbaycan çempionatının mükafatçısı Nəsimi Cəfərov şəhər parkının qarşısında qurulan Avropa Oyunlarının rəmzi qapısında məşəli qəbul etdi. 2,6 kilometr məsafədə məşəli növbə ilə bir-birinə ötürən idmançılar alqış sədaları altında Heydər Əliyev parkına gəldilər.

Beynəlxalq dərəcəli məşqçi-hakim, taekvando üzrə Avropa çempionatının mükafatçısı Coşqun Nadirov parkın qarşısında qurulmuş səhnəyə qalxaraq, çırağı alovlandırdı. Çıraq ilk Avropa Oyunlarının sonunadək “Bakı-2015”in rəmzi kimi Tovuzda saxlanılması üçün Heydər Əliyev Mərkəzinə təqdim edildi.

Sonra Atəşgah məbədində birinci Avropa Oyunlarının məşəlinin alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirildi.

Xəbər 808 dəfə oxundu.