Boks üzrə yeniyetmələr arasında Avropa birinciliyi davam edir
Ukraynanın Lvov şəhərində boks üzrə yeniyetmələr arasında Avropa birinciliyi davam edir. Ötən gün rinqə çıxan 5 boksçumuzdan 4-ü qələbə qazanıb.

46 kq çəki dərəcəsindəki təmsilçimiz Kənan Əliyev irlandiyalı Zak Patrik üzərində qələbə qazanıb – 3:0. Boksçumuz ¼ finalda Gürcüstan nümayəndəsi Sahil Allahverdiyevlə üz-üzə gələcək.

Niyaməddin Allahverdiyev də (52 kq) rinqi qələbə ilə tərk edib. Milli komandamızın üzvü Türkiyə boksçusu Ünal Kalkışımla döyüşdən qalib ayrılıb – 3:0. Həmyerlimizi ¼ finalda ukraynalı Taras Bondarçuk gözləyir.

54 kq çəki dərəcəsində çıxış edən Orxan Həsənov da komandamıza qələbə qazandırıb. Həsənov italiyalı Kristian Qasparrinini çətinliklə üstələyib – 2:1. Boksçumuz ¼ finalda Almaniya təmsilçisi Noah Fişerlə qarşılaşacaq.

Komandamızın liderlərindən sayılan Bəxtiyar Qazıbəyov (60 kq) Rumıniya idmançısı Viorel Marian Fiku üzərində qələbə qazanıb – 3:0. Qazıbəyov ¼ finalda latviyalı Edqars Korzenevskislə üz-üzə gələcək.

Boksçularımızdan yalnız 50 kq çəki dərəcəsində mübarizə aparan Seyidrza Sadıqov 1/8 finalda Gürcüstan təmsilçisi Otar Naverianiyə məğlub olub- 1:2.

Bu gün digər çəki dərəcələrində 1/8 final mərhələsinin görüşləri keçiriləcək.

Xəbər 925 dəfə oxundu.