“Azərreyl” “dördlər finalı”na yüksəlmək iqtidarındadır
“Azərreyl”i gözəl qələbə münasibəti ilə təbrik edirik. Onlar layiqli qələbə qazandılar”. İdman.com.az saytının məlumatına görə, bunu Rumıniyanın “Tomis” klubunun baş məşqçisi Darko Zakoç deyib.

Konstanta təmsilçisi Avropa Çempionlar Liqasının ilk turunda olduğu kimi sonuncu – VI turunda da “Azərreyl”ə 0:3 hesabı ilə uduzub. Zakoçun sözünə görə, ilk setdə Bakı təmsilçisinin kapitanı Oksana Parxomenkonun zədələnməsindən sonra üstünlüyə yiyələnmək istəsələr də, bu alınmayıb: “Düzdür, Oksananın zədələnməyi bizə də pis təsir etdi. Lakin “Azərreyl”in aparıcı voleybolçusu meydandan çıxdıqdan sonra təzyiqi artırsaq da, rəqibə qalib gələ bilmədik”.

Təcrübəli mütəxəssis bildirib ki, “Azərreyl”in “Dördlər finalı”na çıxmaq gücündədir: “Ümidvaram ki, Parxomenkonun zədəsi ciddi deyil. O, “Azərreyl”ə kömək edə bilməsə çətin olacaq. Fikrimcə, komanda “dördlər finalı”na yüksələcək. Lakin kapitansız final oynamaq asan olmayacaq”.

Xəbər 931 dəfə oxundu.