Basketbol üzrə Naxçıvan Muxtar Respublika birinciliyinə start verilib
Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş kişilər arasında basketbol üzrə muxtar respublika birinciliyinə start verilib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Basketbol Federasiyasının birgə təşkil etdiyi birincilikdə muxtar respublikanın şəhər və rayonlarından 8 komanda mübarizə aparır.

Birinciliyin açılış mərasimində Basketbol Federasiyasının sədri Mahir Əliyev çıxış edərək bildirib ki, federasiya tədbirlər planına uyğun olaraq, bu idman növünün muxtar respublikada kütləvi hal alması, gənclər arasında təbliğ olunması üçün müəyyən işlər görür. “Muxtar respublikanın bütün şəhər və rayonlarında basketbolun inkişafı üçün qruplar fəaliyyət göstərir. Artıq gənclərin bu sahəyə marağı artmaqdadır”, – deyən federasiya sədri birincilikdə iştirak edən komandalara uğurlar arzulayıb.

Reqlamentə uyğun olaraq, 8 komanda iki yarımqrupda mübarizə aparır. “A” qrupunda “Naxçıvan”, “Şahbuz”, “Şərur” və “Babək”, “B” qrupunda isə “Ordubad”, “Lokomotiv”, “Culfa” və “Sədərək” komandaları birincilik uğrunda meydana çıxacaqlar.

Üç gün davam edəcək birinciliyin qrup mərhələsini ilk iki pillədə başa vuran komandalar yarımfinala vəsiqə qazanacaqlar. Bu mərhələdə isə onlar həlledici qarşılaşma üçün meydana çıxacaqlar.

Xəbər 899 dəfə oxundu.