Karate-do üzrə muxtar respublika açıq birinciliyi keçirilib
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş karate-do üzrə Naxçıvan Muxtar Respublika açıq birinciliyi keçirilib.

Birinciliyin açılış mərasimində Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının sədri Vəli Ələsgərov çıxış edərək, iştirakçılara uğurlar arzulayıb.

Tədbirin bədii hissəsində uşaq rəqqasların və karateçilərin nümunəvi çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Karate-do Federasiyasının birgə təşkil etdiyi birincilikdə 7 yaş qrupu üzrə 250-dən çox idmançı mübarizə aparıb. Muxtar respublikanın şəhər və rayonlarının idmançıları ilə yanaşı, yarışda Bakı şəhərinin müxtəlif idman klublarını təmsil edən 50-dən çox karateçi də iştirak edib.

Karatenin kontakt və şotokan növləri üzrə keçirilən birinciliyi idarə edən hakimlər sırasında Bakıdan dəvət olunan beynəlxalq dərəcəli hakim, JKS beynəlxalq dərəcəli, 5-ci dan qara kəmər ustası Rafael Məmmədov, idman ustası Siyavuş Bağırov və Vüsal İsrafilov da yer alıblar.

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində təşkil olunan birinciliyin son günündə keçirilən final görüşlərindən öncə naxçıvanlı karateçilərin nümunəvi çıxışları olub. Daha sonra final görüşlərinə start verilib.

Karatenin şotokan növü üzrə həlledici qarşılaşmalarda Sinan İbrahimov (6-7 yaş), Rəşid Süleymanov (8-9 yaş), Sərdar Qulamov (10-11 yaş), Murad Ələkbərov (12-13 yaş), Heydər Nəcəfov (14-15 yaş) və Abbas Qasımov (16-17 yaş) birinci yerlərə layiq görülüblər. Bu növdə 8-9 yaşlı qızların final qarşılaşmasında Günay Süleymanova Nuray Bayramovaya qalib gələrək birinci yerə çıxıb.

Kontakt növü üzrə keçirilən yarışda isə Rza Kərimov (8-9 yaş), Mahir İbrahimov (10-11 yaş), Ələkbər Abdullayev (12-13 yaş), Azər Vəliyev (14-15 yaş) və Fərid Cəfərov (16-17 yaş) qalib adını qazanıblar.

Kata yarışlarında Xəyal Məmmədov üstün bacarığını nümayiş etdirib.

Sonda qalib idmançılara təşkilatçılar tərəfindən medal, diplom, kubok və hədiyyələr təqdim olunub.

Xəbər 781 dəfə oxundu.