Praqada ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq şahmat turniri təşkil olunub
Çexiyanın paytaxtı Praqada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə həvəskarlar arasında 1-ci beynəlxalq şahmat turniri təşkil olunub.

Çexiya-Azərbaycan İctimai Birliyinin təşkilatçılığı (Česko-Ázerbájdžánský Spolek, ČAS) və Azərbaycan Respublikasının Çexiyadakı səfirliyinin dəstəyi ilə keçirilən turnirdə hər iki ölkənin həvəskar şahmatçıları iştirak ediblər.

Turnir qaliblərinin mükafatlandırılması mərasimi Azərbaycanın Çexiyadakı səfirliyində təşkil edilib. Azərbaycanın bu ölkədəki səfiri Fərid Şəfiyev qaliblərə hədiyyə və sertifikatlar təqdim edib.

Turnir qalibləri qarşısında çıxış edən səfir F.Şəfiyev ulu öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti haqqında söz açıb, onun Azərbaycan xalqı və dövləti qarşısındakı xidmətlərini xatırladıb. Eyni zamanda, səfir Azərbaycanın şahmat ənənələri, ölkəmizin şahmat idman növündə əldə etdiyi nailiyyətlər barədə danışıb.

F.Şəfiyev hər bir iştirakçıya təşəkkürünü bildirib və belə şahmat turnirlərinin növbəti illərdə də ənənəvi şəkildə keçiriləcəyinə əminliyini bildirib.

AZƏRTAC

Xəbər 905 dəfə oxundu.