“Naxçıvan-2015” Beynəlxalq Şahmat Festivalı başa çatıb
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş “Naxçıvan-2015” Beynəlxalq Şahmat Festivalı başa çatıb. Festivalın liderlər turniri adlandırılan “A” turnirinin qalibi azərbaycanlı qrossmeyster Eltac Səfərli olub. İkinci yerə azərbaycanlı qrossmeyster Qədir Hüseynov, üçüncü yerə isə gürcüstanlı qrossmeyster Levan Pantsulaya çıxıb.

“A” turnirində, ümumilikdə, 25 zəka sahibi mükafatlandırılıb.

Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov qalibləri səhnəyə dəvət edərək, onlara mükafatları təqdim edib.

Əvvəlcə “C” turnirində 8 yaşadək olan idmançılar mükafatlandırılıblar.

Bu yaşdan olan oğlanlar arasında Şamil Məmmədov (Sumqayıt), Əli Züqanov (Bakı), Zahid Allahverdiyev (Naxçıvan), qızlar arasında isə Nurtac Heydərli (Bakı), Aydan Şükürova (Bakı) və Səmra Qasımova (Füzuli) müvafiq olaraq 1-ci, 2-ci və 3-cü yeri tutublar.

“C” turnirinin 10 yaşlı oğlan şahmatçılarının mübarizəsində 1-ci yerə Mətin Salmanov (Cəbrayıl), 2-ci yerə Xəqani Qarayev (Sumqayıt), 3-cü yerə Sadiq Qarayev (Naxçıvan) çıxıblar. Bu yaş qrupunda qızların mübarizəsində isə Zərrin Məmmədli (Naxçıvan), Jalə Kərimli (Ucar) və Nərgiz Abdullayeva (Goranboy) ilk üç pillədə qərarlaşıblar.

“C” turnirinin qalibləri adını isə qızlar arasında Ləman Hacıyeva (Bakı), Gülçin Heydərova (Masallı) və Aysel Dünyamalıyeva (Naxçıvan), oğlanlar arasında isə Mətin Mürsəlli (Bakı), Atilla Eynullayev (Bakı) və Qafar Bədəlov (İsmayıllı) qazanıblar.

“Naxçıvan-2015” Beynəlxalq Şahmat Festivalının “B” turnirinin qalibi Bakı şəhərindən olan şahmatçı Vəli Zeynalzadə olub. 2-ci yerə Elvin Bayramov (Quba), 3-cü yerə isə Naxçıvan şahmatçısı Toğrul Həsənzadə çıxıb.

Reytinq əmsalı 0-1749 xal olan şahmatçılardan Kamil Rzayev (Naxçıvan), Həsən Rəhimov (Naxçıvan) və Xəzər Babazədə (Biləsuvar), 1750-1999 reytinq əmsalları olan İlkin Rəhimli (Bakı), Anar Baxışov (Cəlilabad) və Vüqar Əsgərov (Ucar) mükafata layiq görülüblər.


Xəbər 775 dəfə oxundu.