“Naxçıvan-2015” Beynəlxalq Şahmat Festivalının 4-cü turu liderlərin mübarizəsi ilə yadda qalıb
Mayın 5-də “Naxçıvan-2015” Beynəlxalq Şahmat Festivalının 4-сü turu başa çatıb.

“A” qrupunun liderləri – azərbaycanlı və gürcüstanlı qrossmeysterlər Ülvi Bacarani ilə Levan Pantsulaya bu turda üz-üzə gəliblər. Gərgin mübarizə şəraitində keçən görüşdə gürcüstanlı zəka sahibi qalib olub.

İlk 3 turdan sonra aktivinə 2 xal yazdıran azərbaycanlı zəka sahiblərindən FİDE ustası Pərviz Qasımov bu turda rusiyalı qrossmeyster Yevgeni Romanovla qarşılaşıb və məğlubiyyətlə üzləşib.

Ağ-qara taxtada mübarizə aparan digər həmyerlimiz, FİDE ustası Ürfan Sevdimalıyev isə İran şahmatçısı, beynəlxalq usta Ümid Norozinin müqavimətini qıra bilməyib.

Liderlər cədvəlində yer alan azərbaycanlı qrossmeysterlər Rauf Məmmədov Azər Mirzəyevlə, beynəlxalq usta Zaur Məmmədov isə digər qrossmeysterimiz Eltac Səfərli ilə bu turda qarşılaşıblar. Hər iki qarşılaşmada rəqiblər “sülh”ə razılaşıblar.

Hazırda “A” turnirinə gürcüstanlı qrossmeyster Levan Pantsulaya 4 xalla liderlik edir. Cədvəlin digər 14 pilləsində qərarlaşan zəka sahiblərinin isə 3 xalı var.

“Naxçıvan-2015” Beynəlxalq Şahmat Festivalının “B” turnirinin 6 lideri bu turda gərgin mübarizə aparıblar. İki zəka sahibimiz Rəşad Zeynallı iranlı Doostkamı, Vəli Zeynalzadə isə Babək Sedgini məğlub edib. Aysel Məmmədova Behranq Kabudi ilə görüşdən məyus ayrılıb. Bu nəticədən sonra aktivində 4 xal olan azərbaycanlı zəka sahiblərindən Rəşad Zeynallı, Vəli Zeynalzadə və iranlı Behranq Kabudi “B” turnirində liderliklərini davam etdirirlər.

Beynəlxalq şahmat festivalının “C” turnirində isə liderlər cədvəlində 4 zəka sahibi qərarlaşıb. Sevindirici haldır ki, Naxçıvan Şahmat Məktəbinin yetirməsi Kənan Şərifzadə bu qrupda liderliyini qoruyur. O, 4-cü turda həmyerlisi Siyavuş Bağırovu mat edib. Bu qrupda özlərinə yer alan Altay Eynullayev, Mətin Mürsəlli və Ləman Hacıyeva da turu qələbə ilə başa vurublar və maksimum nəticə ilə ilk dördlükdə qərarlaşıblar.

Xəbər 767 dəfə oxundu.