İlk Avropa Oyunları Əməliyyat Komitəsində nəqliyyat məsələlərinə həsr olunan konfrans keçirilib
Mayın 5-də “Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) baş ofisində nəqliyyat məsələlərinə həsr olunan konfrans keçirilib.

BEGOC-un, aidiyyəti dövlət və hökumət qurumlarının, tərəfdaş şirkətlərin təmsilçilərinin iştirak etdikləri konfransda Oyunların nəqliyyat siyasəti, əsas marşrut şəbəkəsi, hərəkət zolaqları, yarış obyektlərinə giriş, sakinlər üçün parklama icazə vərəqələri, sürücülərin təlim, eləcə də nəqliyyat kommunikasiya proqramı və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, təqdimatlar edilib.

Bakının ilk Avropa Oyunlarının keçirilməsi üçün artıq tam hazır olduğunu bildirən BEGOC-un nəqliyyat departamentinin dövlət qurumları ilə inteqrasiya və nəqliyyat əməliyyatları şöbəsinin müdiri Vüsal Rəcəbli müsahibəsində deyib ki, paytaxtın nəqliyyat sistemi də “Bakı-2015” üçün tam hazır vəziyyətə gətirilib. İlk Avropa Oyunları üçün xüsusi marşrut şəbəkəsinin hazırlandığını vurğulayan Vüsal Rəcəbli mötəbər yarışın açılış mərasimi üçün də ayrıca planın tərtib olunduğunu və onun üzərində tərəfdaş qurumlarla birgə iş aparıldığını diqqətə çatdırıb. BEGOC rəsmisi deyib: “Çalışırıq ki, Oyunlar zamanı şəhərdə heç bir küçə bağlanmasın. Xüsusi zolaq müəyyən olunub ki, onunla yalnız Oyunlara məxsus nəqliyyat vasitələri hərəkət edəcək. Yalnız açılış mərasimi günündə - iyunun 12-də Heydər Əliyev prospektinin bir qismi saat 14:00-dan gecə 02:00-dək bağlanacaq. Həmin vaxt vətəndaşlar alternativ yollardan – Babək, Nobel və Ziya Bünyadov prospektlərindən istifadə edə bilərlər. Nəqliyyat vasitələri xüsusi zolaq vasitəsilə Atletlər kəndindən Avropa Oyunları parkına, Bayraq Meydanına və əks istiqamətdə hərəkət edəcək. Mayın axırından etibarən həmin zolaqdan xüsusi buraxılışı olmayan nəqliyyat vasitələrinin istifadəsi məhdudlaşdırılacaq”.

BEGOC rəsmisi vurğulayıb ki, Oyunlar zamanı rahatlığın təmin edilməsi məqsədilə xüsusi “ekspres” avtobuslar təşkil olunub. Həmin avtobuslar müxtəlif dayanacaqlardan və Bakı metrosunun stansiyalarından əhalinin idman obyektlərinə gedişini təmin edəcək. Əsas məqsəd vətəndaşların şəxsi avtomobillərindən istifadəni minimuma endirməkdir. Çünki idman obyektlərinin ətrafına şəxsi avtomobillərin buraxılışına icazə verilməyəcək. Həmin əraziyə daxil olmaq və park etmək üçün xüsusi icazəsi vərəqəsi tələb ediləcək.

Avropa Oyunları zamanı əhalini şəxsi avtomobillərdən az istifadə etməyə çağıran Vüsal Rəcəbli açılış və bağlanış mərasimlərində 6, yarışlar zamanı isə 12 məntəqədən “ekspres” avtobusların fəaliyyət göstərəcəyini diqqətə çatdırıb. O, Oyunlar vaxtı 250 iritutumlu, 80 kiçik avtobusun, 500 taksi, eləcə də rəsmi tərəfdaş olan Naxçıvan Avtomobil Zavodunun 350-yə yaxın “Lifan” avtomobilinin xüsusi zolaqlarla hərəkət edəcəyini bildirib.

Xəbər 781 dəfə oxundu.