“Naxçıvan-2015” beynəlxalq şahmat festivalının 3-cü turu uğurla başa çatıb
“Naxçıvan-2015” beynəlxalq şahmat festivalının üçüncü turu başa çatıb.Bu tur daha çox “A” qrupunda liderlərin qarşılaşması ilə yadda qalıb.

İlk iki turda qələbə qazanan azərbaycanlı qrossmeyster Ülvi Bacarani rusiyalı Yevgeni Romanovla üz-üzə gəlib və beynəlxalq turnirdə ardıcıl üçüncü qələbəsini qazanıb. Turnir cədvəlinin digər liderlərindən olan gürcüstanlı qrossmeyster Levan Pantsulaya türkiyəli beynəlxalq usta Sanal Vahapı sınağa çəkib. Gürcüstanlı şahmatçı qalib gələrək maksimum xal toplayıb.

Turnirə qələbə ilə başlayan, lakin ikinci turda məğlubiyyətlə üzləşən zəka sahiblərindən azərbaycanlı FİDE ustası Pərviz Qasımov bu turda digər həmyerlimiz FİDE ustası Abdulla Qədimbəyli ilə qarşılaşıb. Ağ-qara taxtadan qələbə ilə ayrılan Pərviz xal ehtiyatını ikiyə yüksəldib. Azərbaycanlı FİDE ustası Ürfan Sevdimalıyev isə Hindistan şahmatçısı, qrossmeyster Gupta Abhijeetin müqavimətini qıra bilməyib.

Qadınlar arasında dünya çempionu, Çin təmsilçisi Hou Yifan bu turda azərbaycanlı beynəlxalq usta Zaur Məmmədovla üzləşib. Maraqlı keçən qarşılaşmadan azərbaycanlı şahmatçı qalib olub. Qrossmeysterimiz Rauf Məmmədov da bu turda gürcüstanlı beynəlxalq usta Nino Xurtsidzeni məğlub edib.

Hazırda “A” turnirində gürcüstanlı Levan Pantsulaya ilə azərbaycanlı Ülvi Bacaranı beynəlxalq şahmat festivalının liderləridir.

Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş ənənəvi “Naxçıvan-2015” beynəlxalq şahmat festivalının “B” turnirində də maraqlı görüşlər keçirilib. Belə ki, turnirin liderləri bu turda üz-üzə gəliblər. Nəticəyə əsasən, azərbaycanlı zəka sahibi Rəşad Zeynallı 3 turdan sonra maksimum nəticə ilə liderdir. İranlı şahmatçılar Babək Sedgi, Behranq Kabudi, azərbaycanlı şahmatçılar Vəli Zeynalzadə və Aysel Məmmədova da bərabər xal toplayıblar.

Beynəlxalq şahmat festivalının “C” turnirində isə 11 şahmatçı maksimum (3 oyunda 3 xal) nəticə ilə liderdir. Onlar arasında Naxçıvan şahmat məktəbinin yetirmələri Siyavuş Bağırov və Kənan Şəfizadə də var.


Xəbər 842 dəfə oxundu.