Azərbaycana daha bir etimad
Dünya idman jurnalistlərinin 77-ci konqresi Bakıda keçiriləcək
AİPS-in rəsmi saytında Beynəlxalq İdman Mətbuatı Assosiasiyasınının (AİPS) Avstriyanın İnnsbrusk şəhərində baş tutan 75-ci konqresində dünya idman jurnalistlərinin ali forumunun 2014-cü ildə Azərbaycan paytaxtı Bakıda keçirilməsinə qərar verilməsi açıqlanır. Xəbərdə qeyd olunur ki, Azərbaycan son onilliklər sürətlə inkişaf edir dəyişir, Bakı böyük sıçrayışla dünya idmanının ən müasir mərkəzlərindən birinə çevrilir.
Avstriya prezidenti cənab Heinz Fişerin, Monako kralı Şahzadə ikinci Albertin, İordaniya kralı Zati Aliləri Feysəl Əl Hüseynin iştirak etdikləri konqresdə çıxış edən Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti doktor Çingiz Hüseynzadə vurğulayıb ki, ölkə müstəqilliyə nail olduqdan sonra Azərbaycanda idman, sözün əsl mənasında, canlanmaqda, tərəqqi etməkdədir. Ölkədə müasir idman infrastrukturunun yaradılması, idman təşkilatlarına yüksək qayğı və dəstək Azərbaycan atletlərinin dünya arenalarında uğurlu nəticələr əldə etmələrinə təkan verir. Ölkə paytaxtı Bakı dəfələrlə beynəlxalq tədbirlərə, Avropa və dünya çempionatlarına evsahibliyi edib.
2008-ci ildə Bakı 2016-cı il, ötən il isə 2020-ci il Yay Olimpiya Oyunlarının keçirilməsinə öz təqdimatını keçirib.
Bir qayda olaraq gələcək illərdə AİPS konqresinə ev sahibliyi etmək üçün müxtəlif ölkələrin təklifləri geniş müzakirəyə çıxarılır və səsvermə yolu ilə ən optimal variant seçilir. Beynəlxalq kütləvi informasiya vasitələri təmsilçilərinin Bakıya, Konqresə dəvət edilmələri 100-dən artıq ölkəni təmsil edən nümayəndələr tərəfindən bu günədək heç vaxt olmadığı kimi, birbaşa dəstəkləndi.
AİPS-in növbəti konqresi 2013-cü ilin aprelində Soçidə keçiriləcək. İnsbruskda ali forumun təntənəli bağlanış mərasimində beynəlxalq idman jurnalistləri təşkilatının yaradıldığı 1924-cü ildəki bayrağı ənənə üzrə Avstriyadan Rusiyaya ötürüldü. AİPS bayrağı Rusiya Federasiyası baş nazirinin müavini Dmitri Kozaka təqdim edildi. Gələn ilin aprelində isə AİPS bayrağını Rusiya Federasiyasından Azərbaycan qəbul edəcək.
Bakıda keçiriləcək konqres həm də AİPS-in 90-cı illik yubileyi ilə əlamətdar olacaq.

Eldar İsmayılov
AİJA prezidenti, UEPS İcraiyyə Komitəsinin üzvü

Xəbər 2791 dəfə oxundu.