On yaşadək şahmatçıların Bakı birinciliyi başa çatıb
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən Respublika Şahmat Mərkəzində 2005-2006-cı il təvəllüdlü (10 yaşadək) oğlanlar və qızlar arasında keçirilən şahmat üzrə Bakı birinciliyi başa çatıb.

Yarışda Respublika Şahmat Klubunu təmsil edən 59 idmançı (onlardan 26 nəfəri qızlardır) iştirak edib. Beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadənin rəhbərliyi ilə keçirilən yarışlar İsveçrə sistemi üzrə 9 turdan ibarət olub. Yekun nəticələrə əsasən oğlanlar arasında birinci yeri 8 xalla Sənan Əliyev, ikinci yeri 7 xalla Mətin Salamov, üçüncü yeri 6,5 xalla Aydın Süleymanlı, qızlar arasında birinci yeri 8,5 xalla Mehin Taba-Tabai, ikinci yeri 7 xalla Lalə Ağayeva, üçüncü yeri 6 xalla (əmsal 32,0) Stefaniya İsmayılova tutublar. Bundan əlavə, oğlanlar arasında dördüncü yerin sahibi Səməd Aslanov (6 xal, əmsal 31,5), həmçinin qızlar arasında dördüncü yerə layiq görülən Nərminə Cəfərova (6 xal, əmsal 32,0) və beşinci yeri tutan Sara Həmidova (6 xal, əmsal 30,0) da bu ilin may ayında keçiriləcək respublika final mərhələsinə vəsiqə qazanıblar.

Yarışda ilk üçlüyü tutan idmançılar BŞGİBİ tərəfindən müvafiq dərəcəli diplomlar və medallarla təltif olunublar.

Xəbər 716 dəfə oxundu.