“Qara-qırmızılar” Elmar Baxşıyevlə anlaşıb
“Elmar Baxşıyevlə ortaq məxrəcə gəlmişik. Onunla yaxın günlərdə rəsmi müqavilə imzalayacağıq”. İdman.com.az saytının məlumatına görə, bu sözü apasport.az-a açıqlamasında “Qəbələ” klubunun baş meneceri Zaur Əzizov deyib.
Qış fasiləsində heyətini gücləndirməyə çalışan “qara-qırmızılar” Azərbaycan milli komandasının sabiq futbolçusu ilə anlaşıb.

Əslində müqavilə ilə “Neftçi”yə məxsus olan Baxşıyev mövsümün əvvəlində baş məşqçi təyin edilən Böyükağa Hacıyev tərəfindən cəzalandırılaraq əvəzedici komandaya göndərilmişdi. Amma o, “ikincilər”in düşərgəsində yollanmaqdan imtina etdiyinə görə, paytaxt təmsilçisi futbolçunu transferə çıxarmışdı. Klub rəsmisinin sözlərinə görə, keçiddə problem yoxdur: ““Neftçi” rəhbərliyi bu keçidə əngəl yaratmadı. Futbolçunun oyun praktikasından əziyyət çəkməməsi üçün bizim kluba keçməsinə imkan verdilər”.

Əzizov Baxşıyevlə bütün məsələlərdə anlaşdıqlarını, onunla 1 il müddətinə müqavilə imzalayacaqlarını deyib: “Elmarın baxışdan keçməsinə ehtiyac yoxdur. Karyerası ərzində iddialı klublarda çıxış edib. Onunla 1 il müddətini əhatə edən müqavilə imzalayacağıq. Digər transferlərlə bağlı baş məşqçi ilə danışacağıq. Ola bilsin, bir futbolçu transfer edək. Bu haqda baş məşqçi qərar verəcək. Yerli futbolçu tapmaq çətindir. Belə bir transfer olsa, əcnəbi ilə anlaşacağıq”.

Xəbər 949 dəfə oxundu.