Boyanka Kostova 12 rekordla ikiqat Avropa çempionu oldu
Aprelin 9-18-də Gürcüstanın paytaxtı Tiflis şəhərində keçiriləcək ağır atletika üzrə kişilər və qadınlar arasında Avropa çempionatı davam edir. Bu yarışda 38 ölkədən 268 ağır atletin (112 qadın və 156 kişi) iştirak edir.

Bu gün Azərbaycan yığmasının daha bir üzvü – Boyanka Kostova qadınların mübarizəsində körpücük üzərinə çıxıb. 58 kq çəki dərəcəsində yarışan atletimiz Avropa çempionatının şəksiz favoriti adını təsdiqləyib. Belə ki, Kostova ilk yanaşmasında 100 kq-ı ram edərək ən yaxın rəqibini 7 kq qabaqlayıb və liderliyi ələ alıb. Daha sonra 105 kq-ı rahatlıqla qaldıran Boyanka, Avropa U-23 rekordunu yeniləyib. Ona qədər bu rekord (100 kq) Ukrayna təmsilçisi Yuliya Kalinaya məxsus idi. Birdən qaldırmada son yanaşmasında 109 kq üçün ştanqa yaxınlaşan atlet, onu da ram edərək böyüklər arasında Avropa rekordunu yeniləyib. Bu rekord (108 kq) rusiyalı atlet Svetlana Tsarukayevaya məxsus idi. Bu, həm də U-23 rekordunun yenidən qırılması idi.

Təkanla qaldırmada ilk yanaşmasında 125 kq-ı qaldıran Kostova birdən-birə iki rekordu yenilədi. O, yaşı 23-ə qədər olan qadınlarda təkanla qaldırmada bunaqədərki rekord 123 kq idi. Eyni zamanda, bu nəticə ilə toplam çəki 234 kq oldu ki, bunaqədərki toplam nəticə rekordu 223 kq idi. Ukraynalı Yuliya Kalinaya məxsus hər iki rekordu yeniləyən Boyanka, bununla böyüklər arasında həm təkanla qaldırma, həm də yekun sıralamadakı qızıl medalı özünə təmin etdi.

İkinci yanaşmada məşqçilər heyəti idmançımız üçün 132 kq sifariş verdi. Bu cəhdini də uğurlu edən Kostova daha iki – artıq özünə məxsus U-23 rekordu yenilədi. Üstəlik, toplamda 241 kq nəticə göstərən Kostova, böyüklər arasında rus Svetlana Tsarukayevaya məxsus 238 kq-lıq rekord da yeniləndi.

Təkanla qaldırmada son yanaşmasında 137 kq üçün körpücüyə qalxan Boyanka, bu hərəkətdə Avropa rekordunu yeniləməyə çalışdı. Azərbaycan yığmasının üzvü bu cəhdi də uğurla yerinə yetirərək daha iki rekordu – həm bu hərəkətdə, həm də toplamda – aktivinə yazdı. Bu, həm də U-23-də daha iki rekord demək idi.
Beləliklə, 246 kq (109+137) nəticə göstərən Boyanka Kostova bütün rəqiblərini aşkar şəkildə üstələyərək Avropa çempionu oldu. O, U-23-də 8, böyüklər arasında isə 4 rekordu – birdən qaldırma, təkanla qaldırma və iki dəfə toplamda – yeniləyərək tarixi nəticəyə imza atdı.

2012-ci ildə Türkiyənin Antalya şəhərində də Avropa çempionu olmuş Kostova, artıq bu titulun ikiqat sahibidir.

Xəbər 830 dəfə oxundu.