Azərbaycan taekvondoçuları Ukraynadakı turnirdə 7 medal qazanıblar
Ukraynanın Xarkov şəhərində keçirilən “G-1” kateqoriyalı “Ukraine Open” beynəlxalq turnirində Azərbaycanın taekvondo üzrə yığması uğura imza atıb.

Kişilər arasında 80 kiloqram çəki dərəcəsində mübarizəyə qatılan taekvondoçumuz Milad Beigi Harçeqani yalnız finalda məğlub olaraq turnirin gümüş medalını qazanıb.

Qadın taekvondoçulardan 67 kiloqram çəki dərəcəsində mübarizəyə qatılan Fəridə Əzizova qızıl medal uğrunda final döyüşündə son Olimpiya Oyunlarının gümüş mükafatçısı Nur Tatara 5:3 hesabı ilə məğlub olaraq turnirin gümüş medalına layiq görülüb. Günay Ağakişiyeva (57 kq) isə turniri bürünc medalla başa vurub.

68 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Ayxan Tağızadə də final qarşılaşmasında rəqibinə məğlub olaraq turniri gümüş, Patimat Abakarova (49 kq), Darya Şkurko (62 kq) və Marina Tedeeva (73 kq) isə bürünc medalla başa vurublar.

Beləliklə, komandamız turnirdən Vətənə 3 gümüş və 4 bürünc medalla dönür.

AZƏRTAC


Xəbər 702 dəfə oxundu.