Avstraliyanın “Seven Network” televiziya kanalı Bakı-2015 Avropa Oyunlarının son yayım tərəfdaşı oldu
Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsi (BAOƏK) Birinci Avropa Oyunlarını nümayiş etdirmək üçün Avstraliyanın Olimpiya Oyunları teleyayımçısı “Seven Network” kanalı ilə müqavilə imzaladı.

Avstraliyanın ödənişsiz teleyayım üzrə aparıcı kanalı Birinci Avropa Oyunlarının ölkə üzrə 8.4 milyon evə gündəlik yayımını öhdəsinə götürdü. “Seven Network” kanalı 2007-ci ildən bəri Avstraliyanın ən reytinqli televiziya kanalıdır.

“Seven Network” kanalı ilə bağlanmış müqavilə Avropa teleyayımçıları ilə yanaşı, Amerika Birləşmiş Ştatları, Kanada, Hindistan, Çin və ərəb dünyası ölkələri ilə imzalanmış müqavilələr sayəsində dünyanın dörd bir yanında Birinci Avropa Oyunlarının daha çox tamaşaçı kütləsi tərəfindən izlənilməsini təmin edir.

BAOƏK-nin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq “Seven Network” kanalının olimpiya oyunlarının nüfuzlu teleyayımçısı olduğunu bildirib və qeyd edib ki, bu kanalın Birinci Avropa Oyunlarının teleyayımını öhdəsinə götürməsi Bakı-2015-in beynəlxalq idman tarixinə mühüm töhfə olduğunu bir daha təsdiq edir.

Bu sazişlə Bakı-2015 Birinci Avropa Oyunları bağlanmış yayım müqavilələrinin sayını 57-yə çatdırdı. “Seven Network” kanalının idman şöbəsinin direktoru Sol Ştayn əlavə edib: “Bizim vəzifəmiz mötəbər idman tədbirlərini tamaşaçılarımıza təqdim etməkdir. Birinci Avropa Oyunlarının, uzunmüddətli teleyayımını həyata keçirdiyimiz Olimpiya Oyunları və ilk dəfə ödənişsiz yayımını təşkil etmək üçün müqavilə imzaladığımız Paralimpiya Oyunları ilə mükəmməl uyğunluq təşkil etdiyini düşünürük”.

Xəbər 1005 dəfə oxundu.