“TRT AVAZ” kanalı sərbəst güləş üzrə Azərbaycan millisinin açıq məşqindən süjet yayımlayıb
“TRT AVAZ” kanalının Bakı təmsilçiliyi Azərbaycanda keçiriləcək birinci Avropa Oyunlarına hazırlaşan sərbəst güləş üzrə millimizin aprelin 2-dəki açıq məşqindən süjet yayımlayıb.

Kanalın müxbiri Selim Toprak Olimpiya Güləş Mərkəzindən bağlandığı canlı süjetdə “Bakı-2015”ə hazırlıqların sürətlə davam etdiyini bildirib. Qeyd olunub ki, Avropa Oyunlarının başlamasına 71 gün qalır və Azərbaycan tarixində ən böyük idman tədbirinə ev sahibliyi edəcək. Süjetdə, həmçinin Azərbaycanın ən iddialı olduğu idman növündən - güləşdən ətraflı bəhs edilib. Diqqətə çatdırılıb ki, yunan-Roma güləşi üzrə Azərbaycan milli komandası bir ay əvvəl Tehranda dünya kubokuna sahib olub.

Süjetdə sərbəst güləş üzrə Azərbaycan milli komandasının böyük məşqçisi və eyni zamanda, 2012-ci ildə dünyanın ən yaxşı güləş məşqçisi seçilən Firdovsi Umudovun Avropa Oyunlarına hazırlıqla bağlı müsahibəsi də yer alıb. F.Umudov dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idmana, xüsusilə güləşə olan diqqət və qayğısından, eləcə də Avropa Oyunlarına hazırlıqlardan danışıb.

Xəbər 809 dəfə oxundu.