Avropa oyunlarına son hazırlıq mərhələsi başladı
Azərbaycan Milli Karate Federasiyasında (AMKF) İstanbulda 50-ci Avropa çempionatının nəticələri və qarşıdakı Bakı 2015 1-ci Avropa Oyunlarına son hazırlıq işləri ilə bağlı növbəti yığıncaq keçirlib.

AMKF-in 1-ci vitse-prezidenti və Baş sponsor Azərbaycan Beynəlxalq Bankının rəsmi nümayəndəsi İlham Qasımzadə, vitse prezident Yusif Məmmədov, baş katib Mir-Cabbar Seyidov, məşqçilər komitəsinin sədri və milli komandaların baş məşqçisi Rəhman Hətəmov, hakimlər komitəsinin sədri Cahangir Babayev, eləcə də digər məşqçilər 2 qızıl, 1 gümüş və komanda yarışlarında bürünc medal qazanan karateçilərimizin nəticəsini yüksək qiymətləndiriblər.

Böyüklərdən ibarət milli komandanın iştirakı ilə yığıncaqda qarşıda daha məsul vəzifənin - Avropa Oyunlarında yüksək nəticə əldə etməyin vacibliyi bir daha diqqətə çatdırılıb. Bildirilib ki, oyunların ilk günlərində çıxış edən idmançılarımıza böyük ümidlər bəslənir və onlar öz növbəsində bu etimadı doğrultmalıdırlar.

Yığıncağın sonunda milli komandamızın Avropa oyunlarına son hazırlıq dövrünə başladığı bildirilib. İdmançılarımız 2 aprel tarixindən Qəbələdə təlim məşqlərə başlayacaqlar. Ötən yarışlar təhlil ediləcək, texniki-taktiki və fiziki hazırlıqlar üzərində işlər gücləndiriləcək.

Xəbər 795 dəfə oxundu.