Azərbaycan karateçilərinin Avropa çempionatındakı çıxışı yüksək qiymətləndirilib
Azərbaycan karateçiləri İstanbulda 50-ci Avropa çempionatının fərdi yarışlarında 2 qızıl, 1 gümüş, komanda yarışlarında isə bürünc medal qazanmışdı.

Martın 31-də “Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) baş ofisində gənclər və idman naziri Azad Rəhimov karateçilərimiz ilə görüşüb.

Avropa çempionatında millimizin çıxışını yüksək qiymətləndirən nazir Avropa Oyunları öncəsi qazanılan uğurun əhəmiyyətindən danışıb. Bildirilib ki, Avropa Oyunlarının başlanmasına 73 gün qalır və belə qələbələr bizim üçün çox vacibdir. Sevindirici haldır ki, karate ölkəmizdə idmanın ən populyar növlərindən biridir.

Nazir vurğulayıb ki, Avropa Oyunlarında karate yarışlarına iyunun 13-də start veriləcək. Milli komandamızın güclü olduğunu nəzərə alsaq xalqımız “Bakı-2015”də medal sevincini ilk günlərdə yaşaya bilər. Karateçilərimizin hazırlıq prosesi, onların təlim-məşq toplanışları və beynəlxalq yarışlarda qüvvələrini sınamaları bizim üçün əsas prioritet mövzulardandır.

Avropa Oyunlarında ölkəmizi 5 kişi və 5 qadın karateçinin təmsil edəcəyini bildirən A.Rəhimov Azərbaycanın 350-dən artıq idmançı ilə “Bakı-2015”də çıxış edəcəyini diqqətə çatdırıb.

Ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışan Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidenti Ülvi Quliyev atletlərimizin beynəlxalq arenada qazandığı nailiyyətlərdən danışıb. Vurğulayıb ki, karateçilərimiz Avropa çempionatında növbəti uğura imza atıblar. İdmançılarımız əzmkarlıq nümayiş etdirərək mükafatçılar sırasında yer alıblar. Bu uğurların əsasında ölkəmizdə yaradılan idman infrastrukturu dayanır.

Azərbaycan Milli Karate Federasiyasının birinci vitse-prezidenti İlham Qasımzadə idmançılar üçün yaradılan şəraitə görə təşəkkürünü bildirib, karateçilərimizin Avropa Oyunlarına ciddi hazırlaşdıqlarını vurğulayıb, onların “Bakı-2015”də mükafatçılar sırasında yer alıb xalqımızı sevindirəcəklərinə əminliyini ifadə edib.

Sonra qitə birinciliyində uğurla çıxış edən karateçilərə hədiyyələr təqdim olunub.

Sonda karateçilərimiz BEGOC-un baş ofisində yaradılan şəraitlə tanış oldular.

Avropa çempionatında Niyazi Əliyev (67 kq) və Rafael Ağayev (75 kq) qızıl, Ayxan Mamayev (84 kq) isə gümüş medala sahib olublar. Bu uğurla Rafael Ağayev 12-ci, Niyazi Əliyev isə 2-ci Avropa çempionluğu sevincini yaşayıb. Komanda yarışlarında isə üçüncü yer uğrunda Almaniya millisinə qalib gələn Azərbaycan yığması bürünc medala sahib olub.

Xəbər 861 dəfə oxundu.