“Qəbələ”nin 17 yaşlılardan ibarət komandası İtaliyaya səfərə hazırlaşır.
“Qəbələ”nin 17 yaşlılardan ibarət komandası İtaliyaya səfərə hazırlaşır.

İdman.com.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, baş məşqçi Ramin Quliyev və köməkçisi Emin İmaməliyevin rəhbərlik etdiyi kollektiv İtaliyanın “A.S.D. Borgaro 1965” klubunun təşkilatçılığı ilə Turin şəhərində keçiriləcək “Mario Maggoni – Walter - Richi” turnirində iştirak etmək üçün Appenin yarımadasına yollanacaq.

1998-ci il təvəllüdlü futbolçular arasında təşkil olunan turnir 4 gün (3-6 aprel) davam edəcək. Qalib adı uğrunda 12 komanda 3 qrupda mübarizəyə başlayacaq.

“Qəbələ” və İsveçin “Höteborq” klublarının təmsilçilərindən başqa digər iştirakçılar İtaliyanı təmsil edir. “A” qrupunda yer alan “Qəbələ” ilk mərhələdə meydan sahibi “A.S.D. Borgaro 1965”, “Sampdoriya” və “Parma” komandaları ilə qarşılaşacaq. “B” qrupunda “Yuventus” (Turin), “Hellas” (Verona), “Genuya” və “Cuneo”, “C” qrupunda isə “Atalanta”, “Höteborq” (İsveç), “Torino” (Turin) və “Rappresentativa Regionale Piomonte” kollektivləri mübarizə aparacaq.

“Qırmızı-qaralar” ilk oyununu aprelin 3-də, Bakı vaxtı ilə 13:45-də “Sampdoriya”ya qarşı keçirəcəklər. Komanda növbəti gün “Parma” ilə qarşılaşacaq. Ramin Quliyevin komandası qrup mərhələsinin son oyununda meydan sahibi - “A.S.D. Borgaro 1965” komandasını sınağa çəkəcəklər. Əsasnaməyə görə, “A” qrupunun qalibi “C” qrupunun ən güclüsü, “B” qrupunda birinci olan komanda isə ən yaxşı nəticə göstərmiş qrup ikincisi ilə üz-üzə gələcək. Daha sonra 3-cü yer uğrunda görüş və final matçları baş tutacaq.

Qeyd edək ki, “Mario Maggoni – Walter - Richi” turniri sanballı tarixə malikdir. Sayca 36-cı olacaq turnirdə indiyədək dünyanın və Avropanın ən tanınmış klublarının təmsilçiləri iştirak ediblər.

Xəbər 835 dəfə oxundu.