Avropa Oyunları Finlandiya millisinin bəzi voleybolçuları üçün yaxşı təcrübə olacaq
“Bakı-2015” birinci Avropa Oyunlarında Finlandiyanı təmsil edəcək kişilərdən ibarət voleybol komandasına 32 yaşlı Lauri Hakala baş məşqçi təyin edilib.

L.Hakala 2014-cü ildə Sloveniya milli komandasında baş məşqçinin köməkçisi işlədikdən sonra ilk dəfə olaraq Finlandiya yığmasına rəhbərlik edəcək. O, həmçinin bu mövsüm Finlandiyanın “LEKA” voleybol klubunda da məşqçilik edib. Ümumiyyətlə, yeddi ölkədə forma geymiş və məşqçilik etmiş L.Hakalanın beynəlxalq yarışlarda zəngin təcrübəsi var.

L.Hakala “Bakı-2015” Avropa Oyunlarında ev sahibi Azərbaycan, həmçinin Serbiya, Polşa, Fransa və Türkiyə ilə birgə “A” qrupunda çıxış edəcək Finlandiya komandasına başçılıq edəcək. Yarışlarda “B” qrupunda isə Rusiya, İtaliya, Bolqarıstan, Almaniya, Belçika və Slovakiya komandaları yer alacaq.

Baş məşqçi təcrübəli oyunçulardan və gənclərdən ibarət idmançıların bir komandada olmasını müsbət qiymətləndirərək Avropa Oyunlarının Finlandiya millisinin bəzi voleybolçuları üçün yaxşı təcrübə olacağını deyib. Oyunlar gənc voleybolçularımızın bacarıqlarının nümayiş etdirilməsi baxımından mükəmməl imkandır. Avropa Oyunları hər kəs üçün unudulmaz təcrübə olacaq.

Finlandiyalı mütəxəssisin Avropa Oyunlarında iştirak edəcək komandasının heyətini mayın 4-də açıqlayacağı gözlənilir.

“Bakı-2015” Avropa Oyunlarında voleybol yarışları iyunun 13-dən 28-dək “Bakı Kristal Hall”da keçiriləcək.









Xəbər 740 dəfə oxundu.