“Bakı-2015” Milli Olimpiya Komitələrinin ikinci kommunikasiya seminarına ev sahibliyi edib
İki günlük proqram müddətində Avropadan 54 nümayəndə “Bakı-2015”in obyektləri ilə tanış olub və Avropa Oyunlarına hazırlıq işlərini, yarışlar zamanı media nümayəndələri üçün təşkil olunacaq şəraiti əhatə edən plenar sessiyada iştirak edib.

“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib ki, Milli Olimpiya Komitələrinin kommunikasiya komandaları və onların ilk Avropa Oyunlarını işıqlandıracaq media nümayəndələri ilə əlaqələrin gücləndirilməsi bizim üçün çox vacibdir. Bütövlükdə Avropanı qitənin idman təqvimində yer alan bu genişmiqyaslı tədbirlə yaxından tanış etmək və Azərbaycanda görülən işlər haqqında ictimaiyyəti məlumatlandırmaq üçün Milli Olimpiya Komitələrinin dəstək və əməkdaşlığı böyük əhəmiyyət daşıyır.

S.Kleq bildirib ki, Milli Olimpiya Komitələrinin kommunikasiya əməkdaşları ilə yanaşı, mindən çox avropalı jurnalistin “Bakı-2015” Avropa Oyunlarına qatılması nəzərdə tutulub. Mətbuatın böyük maraq göstərməsi səbəbi ilə jurnalistlərin akkreditasiyası üçün son müraciət tarixi aprelin 3-dək uzadılıb.

“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin Mətbuat əməliyyatları şöbəsinin direktoru xanım Ceyn Pirs qeyd edib ki, bu, Avropa Milli Olimpiya Komitələrini və mətbuatı Avropa Oyunları haqqında məlumatlandırmaq, Oyunlar zamanı “Bakı-2015”in necə işləyəcəyini onlara tam şəkildə izah etmək üçün əla fürsətdir. Biz, həmçinin Avropa Oyunları zamanı “I-Zona”nın işləmə prinsiplərini nümayiş etdirmək imkanı da əldə etdik. Bu, Oyunlar zamanı Media “Mix” Zonasını və Media Konfrans Otağını əvəzləyəcək yeni konsepsiyadır.

“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin Kommunikasiya şöbəsinin direktoru Uilyam Lui-Mari deyib: “Milli Olimpiya Komitələrinin “Bakı-2015” Avropa Oyunları ilə bağlı hazırlıq işlərinə tam şəkildə cəlb olunması bizim üçün çox əhəmiyyətlidir və biz ilk Avropa Oyunlarının uğurla həyata keçirilməsinə yardım edəcək bütün müvafiq yenilik və xəbərlərin çatdırılması üçün onlarla sıx əməkdaşlıq edirik”.

Tədbir zamanı Mətbuat Əməliyyatları, Protokol, Yayım və Kommunikasiya şöbələrinin rəhbərləri seminar iştirakçıları qarşısında təqdimatla çıxış ediblər.


Xəbər 881 dəfə oxundu.