“Qəbələ”nin sabiq baş məşqçisi Hindistanda?
“Qəbələ”nin sabiq baş məşqçisi Toni Adams karyerasını ekzotik məkanda davam etdirə bilər. İdman.com.az saytı apasport.az-a istinadən xəbər verir ki, 46 yaşlı ingilis mütəxəssisin futbol ölkəsi sayılmayan Hindistanda çalışmaq variantı yaranıb. Belə ki, bu ölkənin Premyer Liqasında çıxış edən “Vest Benqaliya” klubunun baş məşqçi postuna 7 namizəddən biri məhz Adamsdır. Onunla yanaşı, Piter Rid, Con Barns, Samson Siasia, Kolin Todd, Teytur Todarsson və Miloş Rusi bu komandanın “sükanı arxası”na gəlməyə iddiaçıdır. Yeni baş məşqçinin adı yaxın günlərdə məlum olacaq.

Maraqlıdır ki, yarım il əvvəl futbolçu karyerasını bitirdiyini elan edən, İtaliya yığması ilə 20006-cı ildə dünya çempionluğunu qazanan kapitan Fabio Kannavaro ilə “Parma”nın veteran argentinalı hücumçusu Ernan Krespo “Vest Benqaliya”da oynayacaqlar. Onlarla yanaşı, Hindistan liqasında digər futbol “ulduz”ları - Argentina yığmasının sabiq kapitanı Xuan Pablo Sorin, nigeriyalı Cey-Cey Okoça, fransalı Rober Pires, ingilis Robbi Fauler çıxış edir. Güclü maliyyə imkanlarına malik Hindistanda yeni çempionat fevralın 25-də başlayacaq və cəmi 7 həftə davam edəcək.
Qeyd edək ki, Adams 2010-cu ilin mayından 2011-ci ilin noyabrına kimi “Qəbələ”ni çalışdırıb və II dövrənin əvvəlində ailə səbəblərinə görə istefa verib.

Xəbər 1065 dəfə oxundu.