AZAL-ın baş məşqçisinin Portuqaliya səfəri davam edir
AZAL-ın baş məşqçisi Tərlan Əhmədovun Portuqaliyada olduğunu xəbər vermişdik. 43 yaşlı mütəxəssis PRO kateqoriyalı məşqçilik lisenziyasının şərtlərinə uyğun olaraq, adıçəkilən ölkədə “Pakuş de Ferreyra” klubunda təcrübə keçir.

Fevralın 25-dən Pireney yarımadasında olan Əhmədov artıq sözügedən komandanın baş məşqçisi Paulo Fonseka və məşqçilər korpusunun digər üzvləri ilə görüşüb. Klub muzeyində də olan baş məşqçi eyni zamanda “Pakuş de Ferreyra”nın əsas və əvəzedici komandalarının məşqlərini izləyib. Əhmədov klubun akademiyasının fəaliyyəti ilə yaxından tanış olmaq şansı qazanıb.

Bu gün isə Tərlan Əhmədov son 8 ildə 4 dəfə avrokuboklarda oynamış, ötən mövsüm Avropa Liqasının qrup mərhələsində çıxış etmiş, hazırda Primeyra Liqada 8-ci pillədə qərarlaşan və avrokuboklara vəsiqə uğrunda mübarizə aparan “Pakuş de Ferreyra”nın çempionat çərçivəsində “Belenenseş”lə səfər matçını stadiondan canlı izləyəcək. Qeyd edək ki, görüş Bakı vaxtı ilə gecə yarısı (00:00) başlayacaq.

Sonda onu da bildirək ki, Tərlan Əhmədov martın 3-də vətənə qayıdacaq və “Neftçi” ilə ölkə kubokunun ilk 1/4 final matçında komandasının başında olacaq.

Xəbər 869 dəfə oxundu.