Vahabzadə: Baş məşqçi kimi ilk oyunumda qələbə qazanmağımız yaxşı haldır
Azərbaycanın U-21 yığmasının baş məşqçisi Yaşar Vahabzadə Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində Qazaxıstanın "Atırau" klubuna qarşı keçirilmiş yoxlama oyunundan danışıb. O, 2:1 hesablı qələbədən sonra bunları söyləyib:

“Bu komandanın baş məşqçisi kimi ilk oyunda qələbə qazanmağımız yaxşı haldır. Uşaqlar çalışdılar, əllərindən gələni etdilər. Amma çatışmazlıqlar var, xüsusilə, qol epizodlarında. Topu elə sadə vəziyyətdə itiririk ki, öz qapımız qarşısında təhlükə yaranır. Birinci hissədə belə epizodlar çox oldu. Fasilədən sonra futbolçular oyuna bir qədər arxayın başladılar. Bu da ondan irəli gəldi ki, bəzi oyunçuların fiziki hazırlığı o dərəcədə yaxşı deyil. Buna görə dəyişikliklər etdik, oyunun sürətini, tempini saxladıq və nəticədə qələbə qazandıq. Qana yığması ilə keçirəcəyimiz oyuna gəlincə, bizim üçün bütün qarşılaşmalar ciddi sınaqdır. Çalışacağıq ki, hər oyunda əzmkarlıq göstərək.

Əsas millinin düşərgəsində olan futbolçularımız, ola bilsin ki, "Şaxtyor"la oyunun ertəsi günü bizim Qana yığması ilə görüşümüzdə iştirak etsinlər. Təbii ki, zədə ilə bağlı problem olmasa. Coşqun Diniyev, Elvin Camalov, Namiq Ələsgərov kimi futbolçular bizə qoşulsalar, heyətdə müəyyən dəyişikliklər edəcəyik".

Xəbər 807 dəfə oxundu.