Rəqibsiz qalmış komanda bu gün yeni sükançısı ilə ilk sınağına çıxır
Peşəkarlıqdan uzaq yanaşmalardan biri haqqında

Azərbaycan milli futbol komandası yeni sükançısı ilə ilin ilk təlim-məşq toplanışını Aantalyada keçririr. Türkiyənin bu turizm şəhərində hazırlaşan komanda Ukrayna futbolunun klub liderlərindən Donetsk “Şaxtyor”u ilə yoxlama-sınaq matçı keçirəcək.

Komandaya Rəşad Sadıqov, Bədəvi Hüseynov, Maksim Medvedev, Qara Qarayev, Namiq Ələsgərov, Vüqar Nadirov (hamısı - “Qarabağ”), Arif Daşdəmirov, Məhəmməd Mirzəbəyov, Əfran İsmayılov, Coşqun Diniyev, Elvin Məmmədov (“İnter”), Ruslan Abışov, Cavid Hüseynov, Elvin Camalov (“Qəbələ”), Orxan Əliyev, Andrey Popoviç, Məhəmməd Qurbanov (“Sumqayıt”), Rahid Əmirquliyev, Ağabala Ramazanov (“Xəzər Lənkəran”), Rəşad Eyyubov (“Simurq”), Emil Balayev (“Ayntraxt”, Frankfurt, Almaniya) və Anton Krivotçuk (klubsuz) dəvət olunublar.
Qeyd edək ki, fevralın 24-də Topaz Premyer Liqasının III turundan təxirə salınmış AZAL – “Neftçi” oyunu keçiriləcəyi üçün, həmin komandaların müvafiq üzvləri millinin toplanışına dəvət olunmayıblar.
Heyətdə təzə-köhnə adlar var. lakin indiki məqam üçün Prosineçkinin seçimində şok axtarmağa da dəyməz. Oynamağa komanda tapa bilməyən millimizin klub komandası ilə üz-üzə gəlməsinə də hansısa irad bildirmək fikrində deyilik. Sadəcə, məqam çatıb deyə, bir məsələni yenə gündəliyə salmaq lazımdır – rəqib seçimini.

Milli komandanın hazırlıq və nəticələrində sparrinqlərin rolu az deyil. Əlbəttə, bununla hansısa əlahiddə səviyyə artımına və ya fövqəlinkişafa təkan veriləcəyini iddia etmək olmaz. Fəqət, hazırlığın düzgün seçilməsi komandanın rəsmi matçlardakı oyununa təsirsiz ötüşmür. Əksinə, onu bir boy artırır da.

Milli komandamızın, sadəcə, nəticə əldə etmək üçün keçirdiyi matçları çox sadalamaq olar. Çoxları xatırlayar, vaxtilə Sovet seçməsinə də “yoldaşlıq oyunları üzrə dünya çempionu” deyərdilər. Amma bu, Pelenin SSRİ ilə bağlı məşhur futbol-hokkey müqayisəsinə heç də mane olmazdı. Azərbaycan yığmasının da bundan əvvəlki baş məşqçisi belə matçlardakı nəticələri ilə çox öyünər, hətta məşqçiliyinin ilk dövrlərində məhz bu oyunlardan bəh-bəhlə danışıb inkişafın, 2016-cı il qitə çempionatının final mərhələsində futbolçularımızın necə top qovacağından ətrafına toplaya bildiyi jurnalistlərə bol-bol danışar və onlar da bunu geniş işıqlandıraraq, başqa fikirdə olanları xalq düşməni elan edərdilər. Həmin dövrlərin növbəti belə seriyasına hazırlaşmazdan əvvəl, bəzi səhvlərdən nəticə çıxarmaq yaxşı olardı. Ötən müddəti rəqib axtarışına sərf etməyən, yenə piarları ilə məşğul olan futbol assosiasiyamızın mütəxəssisləri ilə Prosineçkinin münasibətlərinin nə qədər səmimi, işgüzar olduğu hələ bilinmir. Baş məşqçinin Azərbaycanda yaşayacağını, sanki böyük hadisəymiş kimi, şişirdənlərə yenə iş planını və onun tərkib hissəsi kimi rəqib seçimini xatırladırıq. Məşqçinin komanda ilə iş planına həm də strateji, taktiki və texniki vəzifələr daxil edilməlidir. Onun il ərzində nə edəcəyi açıqlanmalı və əlbəttə, kard-blanşı hüdudsuz olmadan, hesabatı da tələb olunmalıdır. Bura hər oyundan sonrakı hesabatlar da daxildir.

Prosineçkinin işinə, hələ ki, uzaqdan - Antalyadan aldığımız məlumatlarla qiymət verərək, onun komandaya əsl göstərişlərinin simasını, komandanı nə qədər öyrənib-mənimsədiyini, tanıya bildiyini Bakıdakı ilk məşqlərdə verdiyi konkret tapşırıqlarda görəcəyik. Sparrinq-tərəfdaş seçiminə gəlincə, harada kimi tapsaq, elə orada oynamaqla, səviyyə artımı nağıllarından söz divarı hörməyə, məncə, son qoymaq lazımdır. Axı, 2020-ci ilin qitə çempionatının final mərhələsinin oyunlarının bir qismi Bakıda olacaq və həmin vaxta komanda az-çox həqiqi inkişaf etməlidir. Qeyd etdiyim strateji, taktik və texniki məsələlərdən bu gün yeri düşən biri məhz rəqib seçimidir.
Menecerlik işi sıfır həddindən tərpənməyən AFFA-nın axır vaxtlar klublara da tövsiyə etdiyi prinsip üzrə əcnəbilərin də təşkilati işlərə gətirilməsi tendensiyası hələ bir müddət də aldadılacağımıza işarədir. Bu işi vaxtında bir neçə nəfəri cəlb edib yönəltsəydilər, asta-asta indi azı, milli komandamıza, eləcə də qış-yay hazırlıqlarına yollanan klublarımıza müvafiq rəqibləri tapanları az-çox yetişdirə bilə, bu işi, yüksək səviyyədə olmasa belə, az-çox yerinə yetirə biləcək kadr yetişdirə bilərdi. Əlbəttə, belə kadrların onların özləri üçün sonradan rəqib olacağı aydındır. Çünki bunlar yetişdikcə, AFFA-da peşəkarlaşma başlanacaq. Futbol oynamaq, futbol veteranı olmaq hələ futbolu bilmək; menecerliyi, idarəetməni, iqtisadi təməlləri oxumaq hələ idarəeğmə səriştəsinə malik olmaq anlamına gəlmir və futbol elə bir səviyyəyə gəlib çatıb ki, təşkilati işlər də inkişafda az rol oynamır.

Bu məsələlərə hələ toxunmadan qeyd edək ki, milli komandanın sparrinq rəqiblərinin seçilməsində artıq bir düz-əməlli qərar verilməli və bu istiqamətdə iş aparılmalıdır. Axı, milli futbol mövsümünün də təqvimi, əsasən, AFFA-nın təbiri ilə məhz milli komandanın maraqları nəzərə alınaraq hazırlanır. Komandanın uzun-uzadı təlimləri üçün pəncərələr açılır, yerli-yersiz təlim-məşqlər keçirməyə şərait yaradılır. İndiki durumda Malta ilə, oyun ərəfəsi nəinki «Şaxtyor»la, istənilən rəqiblə oynamaq olar. Bu sayaq yanaşma ilə, Bakıda toplaşıb elə «Qarabağ» və ya «İnter»lə də oynamaq olar. Belə idisə, klubların Antalya təlim-məşqi dövründə nə üçün milli də, Foqts dövründə olduğu kimi, üçgünlük tanışlıq-oyun toplanışı keçirmədi? Onsuz da klublarımız və onları müşahidə edənlər Türkiyəyə gəzintiyə yollanmışdılar. Çünki bu toplanışda da əsas olan məqsəd deyil, məramla niyyətdir. İndiyə qədər Prosineçki onsuz da futbolçulara kənardan baxıb istənilən nəticəni çıxarmalıydı və inanmaq istəyirəm ki, belə də olub. Axı, şoumen Foqtsdan fərqli, o, işində az-çox ciddi görünür. İndi məsələ nəticədən asılı olmayaraq, futbolçuların onun verdiyi taktiki-texniki tapşırıqları yerinə yetirməsidir. Prosineçki həm də bundan istifadə edərək, Maltaya qarşı da oyun planının bir variantını yaxud da ona yaxın bir tərzi sınaqdan çıxarmalıdır. Bu mənada, yəqin özü də dərk edir ki, bu toplanışı həm də onun milli futbol məsələlərimizə nə qədər müdaxilə edib-edə biləmədiyini qiymətləndirməyimiz baxımından vacibdir.
Hələləik sabahı gözləyək və görək «Şaxtyor»lu sınağın «daş kömür»ü hansı dərinlikdən çıxır.

BATI YAR

Xəbər 801 dəfə oxundu.