Hokkeyçilərimiz minimum vəzifəni 100 faizli nəticə ilə yerinə yetirdilər
Azərbaycanın qadın otüstü hokkeyçilərdən ibarət milli komandası bu günlər Uruqvayın Montovideo şəhərində keçirilən Dünya Hokkey Liqası turnirinin II raundunda mübarizə aparır. Artıq yarışın ilkin qrup mərhələsinə yekun vurulub. “B” qrupuna daxil olan millimiz dünən Keniya hokkeyçiləri ilə qarşılaşıb və 5:0 hesabı ilə növbəti qələbəsini qazanıb.Rəqib komandanın qapısından topların 3-nün müəllifi Fəridə Məmmədova olub. Daha 2 dəfə isə Lyubov Drujnina və Anastasiya Tsıqanska fərqlənib.

Bizim qrupada çıxış edən Trinidad Tobaqo və Fransa matçında isə fransızlar rəqiblərini 3:0 hesabı ilə məğlubiyyətə uğradıblar. Beləliklə, ilk oyunda Trinidad Tobaqo hokkeyçilərinə 5:1 və II turda Fransa yığmasına 3:2 hesabı ilə qalib gələn həmyerlilərimiz 100 faizli nəticə ilə “B” qrupunun qalibi olublar. Fransa təmsilçiləri 6 xalla qrupda ikinci yeri tutublar. Trinidad Tobaqo yığması 3 xalla III, qrup mərhələsində 1 xal belə toplaya bilməyən Keniya təmsilçiləri isə sonuncu yerdə qərarlaşıblar.

Dünən “A” qrupunda da ilkin mərhələyə yekun vurulub. Son oyunlarda qeydə alınan nəticələr belədir:

İtaliya – Dominikan Respublikası – 5:0

Uruqvay – Meksika – 5:0

Bu qrupda hər 3 görüşdə qələbə qazanan Uruqvay hokkeyçiləri 1-ci yerə layiq görülüblər. İlk turda meydan sahiblərinə uduzan(bullitlər seriyasında) İtaliya millisi 6 xalla II yeri tutub. Qrupda yalnız Dominikan təmsilçilərinə qalib gələn Meksika yığması III olub. Qrup mərhələsində keçirdiyi hər 3 oyunda uduzan Dominikan Respublikasının hokkeyçiləri 4-cü yerdə qalıblar.

Növbəti Yay Olimpiya Oyunlarında iştirak hüququ uğrunda mübarizəni davam etdirmək üçün sabah - fevralın 19-da qrupların qalibləri ¼ finalda digər qrupda 4-cü yeri tutan komanda ilə görüşəcək. Qruplarda II yeri tutanlar isə digər qrupun III –sü ilə qarşılaşacaq. Bakı vaxtı ilə saat 18.30-da (nəzərinizə çatdırırıq ki, Uruqvayla ölkəmiz arasındakı vaxt fərqi 6 saatdır) Azərbaycan – Dominikan matçı start götürəcək. Yerli vaxtla saat 15.00 Fransa və Meksika komandaları qarşılaşacaq. 17.30 dəqiqədə İtaliya – Trinidad Tobaqo oyunu baş tutacaq. Saat 20.00-da isə meydan sahibləri-uruqvaylılar Keniya təmsilçiləri ilə görüşəcəklər. Daha sonra ¼ finalın qalibləri fevralın 21-də yarımfinalda görüşərək finalçıları aşkar edəcəklər. Həlledici final və digər yerlərin sahiblərini müəyyənləşdirmək üçün oyunlar isə fevralın 22-də baş tutacaq. Xatırladırıq ki, finalçılar Dünya Hokkey Liqasının növbəti raunduna birbaşa vəsiqə qazanacaq. Uraqvayda III yeri tutan komanda da belə bir şansa sahib ola bilər. Belə ki, mart ayında Hindistanın Dehli və İrlandiyanın paytaxtı Dublində keçirilən anoloji yarışların yekununda III yeri tutanlar arasında ən yüksək reytinqə malik komanda növbəti mərhələyə çıxmaq hüququ qazanacaq.

Xəbər 2538 dəfə oxundu.