Veselin Topalov: SOCAR-a kuboku qazanmaq üçün keçmişəm
“Bu yaxınlarda şəxsi menecerim, Avropa Şahmat İttifaqının prezidenti Silvio Danailovla birgə səfərlər etdik. İrlandiya, Qernsi və Cersi adalarını gəzdik. Sonra Azərbaycanda Teymur Rəcəbovun toyunda iştirak etdik. Çox möhtəşəm toy idi. Mən heç vaxt Azərbaycanda olmamışdım. Bakıya səfərim həqiqətən də çox xoş oldu”. İdman.com.az saytının məlumatına görə, bunu şahmat üzrə sabiq dünya çempionu Veselin Topalov deyib.

Bakının SOCAR klubunun yeni transferi olan bolqarıstanlı qrossmeyster komandamıza keçidindən danışıb. Onun sözünə görə, Azərbaycanın adından çıxış etməsində əsas səbəb klublararası Avropa çempionatının kubokunu qazanmaqdır: “Mən adətən klublarda oynamıram. Dünya çempionu olduğum zaman buna heç vaxtım yox idi. Həm də klub yarışları mənim üçün maraq kəsb etmirdi. SOCAR isə çoxdandır ki, peşəkar klubdur.

Onlar hələ Avropa çempionu olmayıblar. Düşünürəm ki, artıq bunun vaxtı çatıb. Bizim klub super ulduzlardan təşkil olunub. Rəcəbov komandamızın lideridir. Onun toyunda söhbət etdik ki, kluba təkcə onlara qoşulmaq üçün deyil, birlikdə kuboku qaldırmaq üçün keçmişəm. Mən şəxsən kluba bunu qazanmaq üçün kömək etmək istəyirəm. Biz bunun haqqında müəyyən müddətdir danışırdıq. Rəcəbov və Silvio çox gözəl münasibətlərə malikdir və onlar da bununla razılaşdılar”.

Qeyd edək ki, SOCAR-da yeni mövsümdə hələlik Topalovla yanaşı, Qata Kamski, Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Aleksandr Qrişuk və Emil Sutovskinin oynayacağı dəqiqləşib. Son 2 nəfərin adına isə tezliklə aydınlıq gələcək.

Xəbər 972 dəfə oxundu.