Qadın həndbolçularımız Tehran komandasına 16 top vurdular
Arazın o tayında legioner həyatı yaşayan qadın həndbolçularımız Səbinə Babayeva, Sultanə Tağıyeva və Valentina Kulikovanın çıxış etdiyi «Samenalhojaj» klubu, bu gün ölkə Superliqasının 2-ci dövrəsində ilk matça çıxıb. İdman.com.az saytı xəbər verir ki, VIII turda Səbzivar şəhərinin təmsilçisi səfərdə Tehranın «Məcid» komandası ilə görüşüb. Gərgin mübarizədə «Samenalhojaj» rəqibinə 30:25 hesabı ilə qalib gəlib. Adı çəkilən matçda da oyunun taleyini həndbolçularımız həll ediblər.

Bu barədə məlumatı əməkdaşımıza milli komandanın üzvü Səbinə Babayeva verib. Onun sözünə görə, sözü gedən matçda həmyerlilərimiz 16 dəfə fərqləniblər: «İranda ölkə çempionatının oyunları cümə günləri keçirilir. Sevindirici haldır ki, 2-ci dövrəni də qələbə ilə başladıq. Demək olar, hər görüşdə oyunu çiynimizdə daşıyırıq».
Qeyd edək ki, 8 qarşılaşmadan maksimum xal toplayan «Samenalhojaj» 16 xalla Superliqanın vahid lideridir.

KAMRAN

Xəbər 1226 dəfə oxundu.