2012-ci il London Olimpiya Oyunlarının Taekvondo üzrə çempionu Bakı 2015 Avropa Oyunlarının elçisi elan edilib
Bu gün Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi Britaniyalı taekvondo idmançısı Ceyd Consun bu yay keçiriləcək birinci Avropa Oyunlarının beynəlxalq İdman Elçisi olacağını elan edib.

Ceyd Cons 2012-ci il London Olimpiya Oyunlarında 57 kiloqram çəki dərəcəsində Böyük Britaniyanın taekvondo üzrə qızıl medal qazanmış ilk idmançısı olmuşdur.

O, həmçinin, 2011-ci ildə Cənubi Koreyanın Cyoncu şəhərində Taekvondo üzrə keçirilən Dünya Çempionatında gümüş medal qazanmışdır. Digər bir gümüş medala isə keçən ilin may ayında Bakıda keçirilən 2014-cü il Taekvondo üzrə Avropa Çempionatında layiq görülmüşdür.

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru cənab Saymon Kleq deyib: “Bu cür məşhur Olimpiya çempionunun Bakı 2015-in elçisi olması ilk Avropa Oyunları üçün böyük nailiyyət və Oyunlara hansı miqyasda idmançıların cəlb ediləcəyinin dəlilidir.”

“Mən əminəm ki, Ceyd beynəlxalq İdman Elçisi kimi Avropa Oyunlarını Böyük Britaniyada təbliğ etməkdən zövq alacaq və biz onun bu yay Bakı şəhərində keçiriləcək Oyunlarda möhtəşəm performans göstərəcəyinə ümid edirik.”

Bakı 2015-in beynəlxalq İdman Elçiləri öz idman növlərini təmsil edəcək və ilk Avropa Oyunlarını təbliğ etmək üçün bütün qitədə və sosial mediada həyata keçirilən geniş marketinq kampaniyalarında iştirak edəcəklər.

21 yaşlı Ceyd Cons söyləyib: “Bakı 2015 Avropa Oyunlarının İdman Elçisi adına layiq görüldüyümə görə çox şadam. Avropa Oyunlarını təbliğ etmək mənim üçün böyük şərəf olacaq. Avropanın çoxnövlü idman yarışlarının keçirilməsi avropalı idmançılar üçün çox vacibdir və mənim məqsədim Taekvondo üzrə birinci Avropa Oyunları çempionu olmaqdır.”

Britaniyanın Olimpiya Assosiasiyasının Bakı 2015 üçün şef de-missionu cənab Mark Enqland qeyd edib: “Ceydin Bakı 2015-in beynəlxalq İdman Elçisi olması Britaniyalı idmançıların Avropa Oyunlarına olan həvəsini əks etdirir. Britaniyanın çox güclü idman ənənəsi var və İdman Elçisi proqramı qarşıdan gələn Avropa Oyunları barədə ölkədə maraq və həyəcan yaratmağa kömək edəcək.”

Ceyd Cons Bakı 2015 Avropa Oyunlarının İdman Elçiləri seçilmiş fransalı bədii gimnast Kseniya Mustafayeva, danimarkalı kanoe sprintçi Rene Holten Poulsen və Serbiyanın Basketbol 3x3

komandasının üzvləri Duşan Domoviç Bulut, Marko Saviç, Marko Zdero və Dejan Majstoroviçə qoşulur. Daha çox İdman Elçilərinin adı yaxın zamanlarda açıqlanacaqdır.

Xəbər 997 dəfə oxundu.