"Vaşington Post" "Bakı-2015"dən yazdı
"Vaşington Post” qəzetində "Bakı-2015" Avropa Oyunlarına həsr edilmiş məqalə dərc olunub.

İdman.com.az-ın Trend-ə istinadən yaydığı xəbərə görə, məqalədə Bakıda keçiriləcək ilk Avropa Oyunlarına hazırlıq işlərinin son mərhələdə olduğu qeyd edilir.

Yazıda həmçinin Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin fevralın 6-da Bakıda keçirilən mətbuat konfransında söylədiyi fikirlərdən sitat gətirilir: “Biz 6-8 il əvvəl bu oyunların keçirilməsinin uyğunluğunu araşdırmaq üçün icazə alanda çoxları gülürdü və fikirləşirdilər ki, bu, heç zaman baş verməyəcək. Lakin bu gün biz düz yoldayıq”.

Məqalədə "Bakı-2015"in əməliyyatlar üzrə baş direktoru Saymon Kleqin fikirləri də yer alıb. S.Kleq qeyd edir ki, ilk əvvəl Oyunlar haqqında müəyyən skeptisizm mövcud idi: “Lakin biz bütün bu məqamları yoluna qoya bildik. İndi 50-dən artıq Avropa MOK-da bu oyunların keçirilməsi ilə bağlı ümumi entuziazm müşahidə olunur”.

Məqalədə həmçinin Avropa Olimpiya Komitəsinin Əlaqələndirmə Komissiyasının sədri Spiros Kapralosun da fikirlərinə istinad edilir: “Şübhə etmirik ki, Bakı möhtəşəm oyunlar keçirəcək və Azərbaycan tarixə böyük, çoxidmanlı yarışların təşkilatçısı kimi düşəcək”.

Xəbər 902 dəfə oxundu.