Avropa Olimpiya Komitələri: "Bakı 2015 Avropa Oyunlarını möhtəşəm şəkildə ərsəyə gətirəcək"
Bu gün Bakı 2015 Avropa Oyunları və Avropa Olimpiya Komitələri (AOK) bu yay Azərbaycanın paytaxtı Bakı şəhərində keçiriləcək ilk Avropa Oyunları ilə bağlı əldə edilmiş irəliləyişləri müşahidə etmək öhdəliyi daşıyan yüksək vəzifəli nümayəndələrdən təşkil olunmuş AOK Koordinasiya Komissiyasının yekun səfərini başa çatdırıblar.

Komissiya üzvləri Bakı 2015-in hər bir şöbəsi tərəfindən Oyunlara hazırlıqlarla bağlı ətraflı məlumat alıblar. Bundan əlavə, onlar Oyunların Marşrut Şəbəkəsi boyunca hərəkət edərək Bakı Atıcılıq Mərkəzi, Dağ Velosipedi Parkı, Heydər Əliyev Arenası və Avropa Oyunları Parkını gəziblər.

Onlar, həmçinin, Bakı 2015 Uniforma Paylama və Akkreditasiya Mərkəzinin açılış mərasimində iştirak ediblər. Bu Mərkəzdə Nar Mobile tərəfindən dəstəklənən “Alov qoruyan” könüllülər proqramının iştirakçılarının qeydiyyatı aparılacaq və onlara uniformalar paylanacaq.

Azərbaycan Respublikasının Gənclər və İdman naziri, Bakı 2015-in Baş icraçı direktoru cənab Azad Rəhimov deyib: “Oyunların Açılış mərasiminə dörd aydan bir az çox müddət qalıb. Hələ görüləcək çox iş var, lakin yaratdığımız iş dinamikası bir saniyə belə dayanmayacaq.”

“İlk Avropa Oyunlarının bütün qitə üçün möhtəşəm idman və dostluq bayramı olduğunu sübut etməyə ehtiyac yoxdur.”

Koordinasiya Komissiyasının üzvləri 2012-ci ilin dekabr ayında Bakıya Avropa Oyunlarına ev sahibliyi hüququ verildiyi gündən bəri əldə edilmiş möhtəşəm irəliləyişləri yüksək qiymətləndiriblər.

Avropa Olimpiya Komitələrinin prezidenti cənab Patrik Hiki söyləyib: “Avropa Olimpiya Komitələrinin ilk Avropa Oyunları ilə bağlı Bakıya bu səfəri bir daha sübut etdi ki, şəhər unudulmaz tədbirə ev sahibliyi etməyə tam hazırdır. İki il ərzində əldə edilmiş bu qədər nailiyyətlər Azərbaycanın Oyunları həyata keçirmək üçün göstərdiyi səyləri təsdiqləyir. Avropanın idmançıları və idman azarkeşləri onları gözləyən yüksək səviyyəli idman obyektləri və məkanlardan məmnun qalacaqlar. Bakı 2015, Avropa Oyunları üçün möhtəşəm başlanğıc platforması olacaq.”

AOK Koordinasiya Komissiyasının sədri cənab Spiros Kapralos əlavə edib: “Bakı 2015 tarixdə ilk möhtəşəm Avropa Oyunlarını həyata keçirmək yolunda sürətlə irəliləyir. İndi BAOƏK hazırlıqların son mərhələsinə qədəm qoyur və Oyunlara sayılı günlər qalıb. Lakin onlar bu vaxta kimi tikinti ilə bağlı bütün işləri çatdırıblar və mən əminəm ki, Bakı Oyunlara vaxtında hazır olacaq."

“Bundan əlavə, bu innovativ Oyunlar gələcəkdə Avropa Oyunlarına ev sahibliyi edəcək şəhərlər üçün möhtəşəm nümunə olacaq. İyun ayında Bakı 2015 Avropa Oyunlarının Açılış Mərasimi üçün buraya qayıtmağı səbirsizliklə gözləyirəm.”

Bakı 2015-in Əməliyyatlar üzrə baş direktoru cənab Saymon Kleq qeyd edib: “Avropa Oyunlarının başlamasına 126 gün qalıb və biz indi hazırlıqların son mərhələsinə keçid alırıq. AOK Koordinasiya Komissiyasının bu səfəri Komissiya üzvlərini əldə etdiyimiz irəliləyişlərlə tanış etmək və nailiyyətlərimizi nəzərdən keçirmək üçün əla fürsət oldu.”

“Oyunlar Azərbaycan və Avropa üçün tarixi hadisəyə çevriləcək və bunun üçün biz öhdəliklərimizi Bağlanış mərasimindən sonra sonuncu qonaq Bakını tərk edənə qədər davam etdirmək niyyətindəyik.”

Xəbər 856 dəfə oxundu.