Ən yaxşılar müküfatlandırıldılar
Azərbaycan Milli Karate Federasiyasının (AMKF) rəhbərliyi yanvar ayınının yekunu ilə bağlı iclas keçirib, yığıncaqda 2 beynəlxalq yarışdan medallarla dönən idmançılara mükafatlar təqdim edilib. Əvvəlcə federasiyanın məşqçisi, idman ustası, "Sakura" Şərq Əlbəyaxa Döyüş növləri klubunun rəhbəri Zabit Babayevin qəflətən vəfatı bir dəqiqəlik sükutla yad ediilib. AMKF prezidenti Yaşar Bəşirov çıxışında ötən ayın uğrulu keçdiyini, o cümlədən müxtəlif yaş quruplarında idmançılarımızın 2 yarışdan 8 medalla döndüyünü məhsuldar nəticə kimi dəyərləndirib.

Yeniyetmə, gənc və böyüklərdən ibarət milli komandaların üzvlərinin iştiakı ilə yığıncaqda birinci vitse-prezident, Baş sponsor Azərbaycan Beynəlxalq Bankının (ABB) rəsmi nümayəndəsi İlham Qasımzadə, vitse-prezident Yusif Məmmədov, məşqçilər komitəsinin sədri - milli komandanın başq məşqçisi Rəhman Hətəmov, hakimlər komitəsinin sədri - beynəlxalq hakim Cahangir Babayev və seçmə komandaların böyük məşqçiləri Xorvatiyada aşağı yaşlıların iştirak etdiyi "Qran Pri" turnirinin, eləcə də böyüklərin qatıldığı "Open De Paris" Premyer Liqa yarışının detallarını müzakirə ediblər.

Yeniyetmələrdən ibarət seçmə komandanın üzvü Hümmət Baxşəliyev (-52 kq) və 16-17 yaşlı gənclər seçmə komandasının liderlərindən Ülvi Qurbanovun (61 kq) çempionluğu, 16-17 yaşlı seçmə komandadan Fəridə Əliyeva (+59) və 18-20 yaşlı gənclərdən Sevinc Mehdiyevanın (-50 kq) gümüş mükafatlar qazanması, 14-15 yaşlı yeniyetmələrdən Murad Balakişiyev (-70 kq) ilə Murad Hacızadənin (+ 70kq), həmçinin böyüklərdən ibarət milli komandanın kapitanı Şahin Atamovla (+84 kq) Tural Ağalarzadənin (-67 kq) isə bürünc medallara sahib olması alqışlanıb. Bir çox idmançılarımızın nəticələri qənaətbəxş hesab edilib.

Baş sponsor ABB tərəfindən təsis edilən "Əzmkar döyüşçü" qiymətli mükafatları Fransada Premyer Liqa yarışından hakimlərin səhfləri üzündən medalsız dönən Rafael Ağayev ilə Xorvatiyada "Qran Pri" turnirinin üçüncüsü Murad Balakişiyevə təqdim edilib. Baş sponsor tərəfindən Premyer Liqanın medalçıları Şahin Atamov (+84 kq) ilə Tural Ağalarzadəyə (-67 kq) nəticələrinə müvafiq pul mükafatları, ad günlərini qeyd edən Niyazi Əliyev ilə Roman Heydərova isə hədiyyələr verilib.

Yığıncağın sonunda fevralın birinci yarısı İsveçrədə yeniyetmələr və gənclər Arasında Avropa çempionatına, eləcə də ondan sonra Hollandiyada növbəti Premyer Liqa turnirinə yollanacaq heyətə təlimatlar verilib, onlara uğurlar arzulanıb.

Xəbər 727 dəfə oxundu.