Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi beş Avropa ölkəsi ilə əsas yayım sazişlərinə imza atıb
Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi İspaniya, Portuqaliya, Estoniya, Latviya və Sloveniyada birinci Avropa Oyunlarının yayımlanmasını təmin edəcək beş müqaviləyə imza atıb.

Bağlanmış yeni müqavilələrə əsasən, İspaniyanın RTVE, Estoniyanın ERR, Latviyanın LTV, Sloveniyanın RTV Slovenija və Portuqaliyanın ödənişli Sport TV adlı ictimai televiziya şirkətləri Oyunlar müddətində Avropa Oyunlarını gündəlik olaraq bütün gün ərzində və ya minimum saatlar çərçivəsində yayımlayacaq. Bakı 2015 artıq dünyada bir milyarddan artıq tamaşaçının yarışları izləyə bilməsini təmin edəcək yeni sazişlərə malikdir.

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru cənab Saymon Kleq deyib: “Mən Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Avropanın daha beş aparıcı televiziya şəbəkəsi ilə yayım sazişi imzalamasından və bununla da müqavilə bağlanmış ölkələrin sayının 47-ə çatmasından çox məmnunam.”
“Bu yay keçiriləcək birinci Avropa Oyunlarını mümkün qədər çox insanın izləməsi bizim üçün çox vacibdir. Açılış Mərasiminə 130 gün qalıb və bu kimi yeni sazişlərin bağlanması məqsədimizə nail olmaq istiqamətində böyük addımdır.”

Oyunlar müddətində yarışları geniş şəkildə işıqlandırmaqdan əlavə, İspaniyanın RTVE kanalı Açılış və Bağlanış Mərasimlərini də canlı olaraq yayımlayacaq. Televiziya şəbəkəsində, həmçinin, Bakı 2015 Avropa Oyunları ilə bağlı gedən hazırlıqlara həsr olunmuş bir sıra “Bakıya Yol” (Road to Baku) verilişləri də nümayiş olunacaq. Sport TV şirkəti isə əvvəlcədən təyin edilmiş və 24 saat fəaliyyət göstərən kanal vasitəsilə Portuqaliyada, eyni zamanda, Mozambik və Anqolada Oyunların yayımını təmin edəcək.

RTV Slovenija, Latviyanın LTV və Estoniyanın ERR televiziya şirkətləri də Oyunların geniş şəkildə işıqlandırılması öhdəliyinə malikdirlər.

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Kommersiya şöbəsinin direktoru cənab Çarli Viceratna deyib: “Bu sazişlər Avropada və onun hüdudlarından kənarda on milyonlarla tamaşaçının birinci Avropa Oyunlarını izləməsinə imkan yaradacaq. 2016-cı ildə Rioda keçiriləcək Olimpiya Oyunlarını da yayımlamaq hüququna sahib olan bu televiziya şirkətləri böyük çoxnövlü idman yarışlarının yayımlanmasında mühüm təcrübəyə malikdirlər.”

“Bakı 2015 Avropa Oyunlarının Kommersiya şöbəsinin irəli sürdüyü təkliflərin əsas hissəsini yayım sazişlərinin bağlanması təşkil edib və mən bu istiqamətdə işlərimizi davam etdirməyimizdən məmnunam. Bu, onu göstərir ki, biz yarışların qitə üzrə nüfuzunu artırmağa davam edirik.”

Xəbər 1110 dəfə oxundu.