Azərbaycan çempionatında daha 5 medal
Şimal DRES qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasında kişilər və qadınlar arasında ağır atletika üzrə Azərbaycan çempionatı başa çatdı. İkinci yarış günündə körpücük üzərinə çəkisi 85, 94, 105 və +105 kq olan idmançılar çıxdılar. “Zirvəçilər” bu dəfə də fərqlənərək komandamızın hesabına 3-ü qızıl olmaqla, ümumilikdə 5 medal yazdırdılar.

94 kq çəki dərəcəsində qızıl medal uğrunda mübarizə xüsusilə maraqlı alındı. “Sumqayıt-Zirvə” atleti Hüseynov Elnurla “Lənkəran-Zirvə” atleti Əliquluzadə Orxan arasındakı çempionluq savaşı ağır atletika sevərlərə həyəcan bəxş etdi. Ard-arda çəkiləri ram edən idmançıların çıxışları alqışlarla müşayiət olundu. Sonda toplamda hər iki idmançı 313 kq nəticə göstərdi. Ancaq şəxsi çəkisi rəqibindən az olan Hüseynov Elnur bu çəkidə Azərbaycan çempionu adını qazandı.

Daha iki qızıl medal isə ağır çəkilərdə – 105 kq-da Səfərov Vasif, +105 kq-da isə Azər Məmmədlidən gəldi.

Beləliklə, “Zirvə” İdman Klubunun atletləri Azərbaycan çempionatında ümumilikdə 16 medal qazanaraq klubların yarışında hamıdan güclü oldular. Hər üç medaldan təxminən ikisini əldə edən “Zirvəçilər”, ölkə ağır atletikasının vahid liderliyini heç kimə verməyimizə sübutdur.

Xəbər 1032 dəfə oxundu.