Paris Qran Pri turnirində ikinci gün 1 gümüş və 4 bürünc medal
Fransanın paytaxtı Paris şəhərində güləş üzrə Qran Pri 2-ci beynəlxalq turniri başa çatıb. Yarışda hər üç güləş növü üzrə yığma komandalarımız iştirak edib.

Turnirin ikinci günüdə 53 kq, 58 kq, 63 kq, 75 kq çəkidə qadın, 59 kq, 75 kq, 85 kq, 130 kq çəkidə yunan-Roma, 61 kq, 70 kq, 86 kq, 125 kq çəki dərəcələrində isə sərbəst güləşçilər mübarizə aparıb.

Qadın güləşçilərimiz günü 1 bürünc medalla başa vurub. 58 kq çəkidə İrina Netreba Polşa güləşçisi ilə bürünc medal uğrunda görüşdən qalib ayrılıb.

Yunan-Roma güləşçilərimiz ikinci yarış günündə 2 bürünc medal qazanıb. Murad Məmmədov (59 kq) Qazaxstan və Polşa təmsilçilərini üstələsə də, yarımfinalda Fransa idmançısına uduzub. Güləşçimiz İsrail təmsilçisi ilə bürünc medal görüşündən qalib ayrılıb və fəxri kürsünün üçüncü pilləsində qərarlaşıb. Həlledici görüşdə Yunanıstan idmançısına qalib gələn İslam Abbasov (85 kq) da bürünc medala sahib olub.

Sərbəst güləşçilərimiz turnirin ikinci günündə 1 gümüş və 1 bürünc medala sahib olub. Ən ağır çəkidə təmsilçimiz Cəmaləddin Məhəmmədov (125kq) finala qədər inamla irəliləyib. Ardıcıl olaraq Macarıstan, ABŞ və Polşadan olan rəqiblərini mübarizədən kənarlaşdıran təmsilçimiz finalda Ukrayna güləşçisi ilə görüşdə məğlub olub və gümüş medalla kifayətlənib. 70-kq çəkidə mübarizə aparan Ruslan Dibirhacıyev ilk görüşdə məğlub olsa da, rəqibin finala yüksəlməsi ilə bürünc medal şansı əldə edib. Həlledici görüşdə ABŞ təmsilçisini üstələyən güləşçimiz turnirin bürünc medalına sahib olub.

Güləşçilərimiz ikinci yarış günündə ümumilikdə, 1 gümüş və 4 bürünc medal əldə edib. Komandamız ilk gün isə 3 qızıl, 3 gümüş və 3 bürünc olmaqla 9 medal qazanıb.

Ümumilikdə, sərbəst güləşçilərimiz 2 qızıl, 1 gümüş və 3 bürünc medal qazanmaqla komanda hesabında 1-ci nəticə göstərib.

Yunan-Roma güləşçilərimizn hesabında isə, 1 qızıl, 1 gümüş və 3 bürünc medal var. Bu nəticə ilə onlar komanda hesabında 2-ci yerdə qərarlaşıb.

Qadın güləşçilərimiz isə, turniri 2 gümüş və 1 bürünc medalla başa vurub. Bu nəticə ilə komanda hesabında 6-cı sırada qərarlaşıb.

Xəbər 796 dəfə oxundu.