UEFA "Qarabağ"-"Levski" oyununda şübhələnib?
Azərbaycan çempionu "Qarabağ"la Bolqarıstanın "Levski" klubu arasında Türkiyənin Antalya şəhərində keçirilmiş yoxlama oyunu UEFA tərəfindən araşdırıla bilər. Belə bir iddia ilə Bolqarıstan mətbuatı çıxış edib.

Bolqar həmkarlarımızın fikrincə, buna səbəb azərbaycanlı baş hakim Ömər Paşayevin bu oyunda 4 penalti təyin etməsidir. Həm də oyundan öncə bu görüşü türkiyəli Serkan Burakın idarə edəcəyi bildirilsə də, son anda o, azərbaycanlı referi ilə əvəzlənib. Bolqarlar Ömərin 3-cü dəqiqədə "Levski"nin qapısına təyin etdiyi penaltinin şübhəli olduğunu qeyd ediblər. Fasilədən sonra komandamızın buraxdığı ikinci qol zamanı müdafiəçilərin rəqib oyunçuya qarşı mübarizə aparmamasını vurğulayan həmkarlarımız İbrahim Şehiçi xüsusi günahlandırıblar. Guya o, penalti zamanı topun başına keçən rəqib oyunçuya hara tullanacağını işarə edib.

"UEFA bu oyunu mütləq araşdıracaq" qeyd edən bolqarlar bu oyuna Avropa və Asiyanın heç bir böyük bukmeker kontorunda pul qoyuluşu edilməməsinin də təsadüfi olmadığını diqqətə çatdırıb.

Xəbər 773 dəfə oxundu.