Rizvan Gənciyev: “Abdullayevin zərbəsini görə bilmədim”
“Baku Fires” Ümumdünya Boks Seriyasının (WSB) V mövsümünə inamlı qələbə ilə başladı. Komandamız Quba Olimpiya Kompleksində “İtalia Thunder”i 4:1 hesabı ilə məğlub etdi. Görüşdən sonra “Baku Fires”in baş meneceri Rizvan Gənciyev jurnalistlərin suallarını cavablandırıb.

* Yəqin ki, hər şey gözlədiyiniz kimi oldu. Komanda çempionata 4:1 hesablı qələbə ilə başladı. Boksçuların çıxışından razı qaldızmı?

* Düzü əvvəlcədən də bilirdik ki, 49 kq çəki dərəcəsində döyüş bizim üçün çətin olacaq. Bu çəkidə bir az çətinliyimiz var. Həm də gənc Məhəmməd İbiyevin rəqibi Olimpiya oyunlarının 2 qat bürünc mükafatçısı, Avropa çempionu Patrik Bars idi. İrlandiya boksçusu çox təcrübəli bir idmançıdır. Amma buna baxmayaraq, İbiyev əlindən gələni etdi. Sonadək rəqibinə müqavimət göstərməyə çalışdı. Digər çəki dərəcələrindəki boksçularımız çox yaxşı çıxış etdilər. Rəqibin heyətində Olimpiya oyunlarının iki mükafatçısı – Konlan və Mangiakapreni müvafiq olaraq, Məhəmməd Qurbanov və Heybətulla Hacəliyev məğlub etdi. Hacəliyevi xüsusi ilə qeyd etmək istərdim. O, bu gün çox yaxşı təsir bağışladı. Təcrübəli İtaliya boksçusunu 2 dəfə noqdauna saldı. Abdulqadir Abdullayev isə həmişəki kimi öz ampluasında idi. Boksçumuz bu dəfə italiyalı Fabio Turçini nokautla məğlub etdi. Açığı, zərbə o qədər cəld oldu ki, hər şeyin necə baş verdiyini görə bilmədim. Yalnız televiziya vasitəsi ilə təkrardan izlədim. Biz komandaya yeni məşqçilərin cəlb olunmasının faydasını görürük. Boksçularımızın taktiki-texniki cəhətdən hazırlığında irəliləyiş var. Bu da onu göstərir ki, doğru yoldayıq. Bu mövsüm boksçularımız sonadək əzmlə mübarizə aparmalıdırlar. Çünki WSB liqasından 17 idmançı Rio Olimpiadasına lisenziya qazanacaq. Yəni boksçular bu məqsəd üçün motivasiya olmalıdırlar. Yarışa yaxşı hazırlaşmağımız üçün bizə hər bir şərait yaradan Azərbaycan Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərova təşəkkür edirəm. İnanıram ki, “Baku Fires” klubunun boksçuları Azərbaycan milli komandasının heyətində həm Avropa Oyunlarında, həm də dünya çempionatında çıxış edəcəklər. Ən əsası isə Olimpiadaya vəsiqə qazana biləcəklər.

* Abdulqadir Abdullayevdən belə bir parlaq qələbə gözləyirdinizmi?

* Bakıdan bu yarışı izləmək üçün qonaqlarımız gəlmişdi. Onlardan biri zarafatla dedi ki, deyin, Abdulqadir nokaut etsin, həmin anda onun şəklini çəkim. Və iş elə gətirdi ki, 5 saniyədən sonar boksçumuz rəqibini yerə sərdi. Belə bir maraqlı təsadüf baş verdi. Abdullayev daim öz üzərində işləyən boksçudur. Hiss olunur ki, onda böyük irəliləyiş var. WSB liqasında bir çox döyüşlərdə qələbə qazanıb, kifayət qədər təcrübə toplayıb. 91 kq çəki dərəcəsində Olimpiya oyunlarına 1 vəsiqə veriləcək. Buna baxmayaraq, inanıram ki, Abdulqadir Rio Olimpiadasına lisenziyaya yiyələnə bilər.

* - “Baku Fires”in yarışda növbəti rəqibi Venesuela klubu olacaq. Bu komanda WSB liqasında debüt edir. Onlar haqqında hər hansı məlumatınız varmı?

* - Venesuelalılar barədə o qədər də geniş informasiyamız yoxdur. AİBA peşəkar rinqdə 20-dən çox döyüş keçirməyən boksçuların WSB-də çıxışına icazə verir. Çox güman ki, Venesuela komandasının heyətində də bü cür peşəkar boksçular olacaq. 69 kq çəki dərəcəsində güclü idmançıları var. O, dünya çempionatının mükafatçısı olub. Yanvarın 20-də Karakas şəhərinə yollanacağıq. Döyüşkən heyət aparırıq. 52 kq çəki dərəcəsində Elvin Məmişzadə, 60 kq-da Albert Səlimov, 69-da Yevgeni Romaşkeviç, 81-də Soltan Migitinov və superağır çəki dərəcəsində Arslanbek Mahmudov çıxış edəcək. Ümid edirəm ki, onlar etimadımızı doğruldacaqlar və Venesueladan istənilən nəticə ilə qayıdacağıq.

Xəbər 1006 dəfə oxundu.