Eddi İsrafilov yığmamızda oynamaq təklifini qəbul edib
Xəbər verdiyimiz kimi, AFFA ilə İspaniyanın “Qranada” klubunda çıxış edən əslən azərbaycanlı Eddi İsrafilov arasında futbolçunun yığmamızda oynaması ilə bağlı danışıqlar aparılırdı. AzərTAc xəbər verir ki, Eddi İsrafilov yığmamızda oynamaq təklifini qəbul edib.Futbolçunun anası və meneceri yanvarın 8-də Bakıda olub, AFFA-nın baş katibi Elxan Məmmədov ilə görüşüblər.Görüş başa çatdıqdan sonra assosiasiyanın inzibati binasında AFFA-nın baş katibi Elxan Məmmədov, Eddi İsrafilovun anası İradə İsrafilova və yığma komandamızın baş məşqçisi Robert Prosineçki jurnalistlərin suallarını cavablandırıb. Elxan Məmmədov bildirib ki, uzun müddətdir Eddi ilə danışıqlarımız davam edirdi. Onları Bakıya dəvət etdik. Təəssüflər olsun ki, Eddi komandasının məşqi olduğu üçün gələ bilmədi. Lakin onun anası dəvətimizi qəbul edib 17 illik fasilədən sonra vətəninə qayıtdı. İradə xanım Bakıya xoş xəbərlə gəldi və Eddinin Prosineçkinin dəvətini gözlədiyini bildirdi. Baş katib qeyd edib ki, 2012-ci ildən futbolçu ilə əlaqə saxlayırdıq. Onun valideynləri, meneceri ilə söhbətlərimiz olmuşdu. O zaman Eddinin 22 yaşı var idi və La Liqada oynamırdı. Həm bizim, həm onun tərəfindən şübhələr var idi. Həm də o, İspaniya yığmasından da dəvət gözləyirdi. Əvvəllər onun agenti ilə danışırdıq. O, bizdən müəyyən məbləğ istəmişdi. Biz bununla razılaşmadıq. Millidə oynamaq üçün heç bir futbolçuya pul ödəmirik. Yığma klub deyil ki, burada çıxışına görə futbolçuya pul ödənilsin. Son vaxtlar onun anası ilə danışırdıq. Sonda bizim siyasətimizə uyğun olaraq, heç bir məbləğ ödənmədən Eddi millidə oynamağa razılıq verdi. İradə İsrafilova deyib ki, artıq bu məsələni həll etməyin vaxtı çatmışdı. Gəlişimizdən razıyıq. Danışıqlarımız müsbət yekunlaşdı və Eddi növbəti toplanışda iştirak edəcək. Robert Prosineçki vurğulayıb ki, bu gün bəlkə də ən çox sevinənlərdən biri mənəm. Çünki İspaniya Primerosunda oynayan futbolçu millimizdə çıxış edəcək. Onun həm indiki, həm də əvvəlki klubundakı oyunlarını izləmişəm. Ümid edirəm ki, onun yığma komandamıza faydası çox olacaq.

Xəbər 770 dəfə oxundu.