“Yamamay”ın voleybolçusu: Bakıda işimiz çətin olacaq
“Biz “İqtisadçı” ilə oyuna yaxşı hazırlaşmışdıq. Bunun sübutu hər 3 setdə güclü oynayıb, qalib gəlməyimiz oldu”. Apasport.az saytının məlumatına görə, bunu İtaliyanın “Yamamay” klubunun voleybolçusu Yelena Havelkova deyib.

Çex Respublikasından olan legioner CEV kubokunun 1/8 final mərhələsinin ilk oyununda Bakının “İqtisadçı” klubuna 3:0 hesabı ilə qalib gəldikləri oyunu şərh edib. Matçın qəhrəmanı seçilən Havelkova həlledici anda dəqiq olmalarını ön plana çəkib: “İqtisadçı” ilə oyuna kimi “A seriyası”nda ötən bazar “Kariparma” ilə çətin görüşümüz olmuşdu. Çətin dueldən qalib ayrılandan sonra qısa müddətdə Azərbaycan klubu ilə oyun üçün bərpa oluna bildik. Aneta Havliçkovanın lazımı anda dəqiq zərbələri də qələbəmizdə böyük rol oynadı. Buna görə ona afərin olsun. İndi biz “Skavolini” ilə “A seriyası”nın matçını düşünürük. Bundan sonra isə Bakıya cavab görüşünə yollanacağıq. Həmin oyun heç də asan olmayacaq. Ancaq yekunda qalib gəlməyimiz üçün bütün gücümüzü ortaya qoyacağıq. Buna nail olmağımıza görə yaxşı çalışmalıyıq”.
Qeyd edək ki, cavab matçı yanvarın 19-da olacaq.

Xəbər 935 dəfə oxundu.