Eurosport Azərbaycan-Fransa dostluq görüşündən geniş reportaj yayımlayıb
“Eurosport” televiziya kanalında Azərbaycan və Fransa güləşçiləri arasında dekabrın 4-də Parisdə keçirilmiş dostluq görüşü haqqında geniş reportaj yayımlanıb.

Güləş üzrə yığma komandamızın dünyada ən güclü millilərdən biri olmasının vurğulandığı reportajda yoldaşlıq görüşünə Azərbaycanın birinci xanımı, “Bakı-2015” ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva ilə yanaşı, Fransanın idman üzrə dövlət katibi Tyeri Brayarın, Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviçin, Fransa hökumətinin, parlamentinin üzvlərinin, idman ictimaiyyətinin nümayəndələrinin də baxdıqları qeyd edilib.

Bildirilib ki, güləşin hər üç növü üzrə idmançıların mübarizə apardıqları görüş Parisin ən məşhur saraylarından olan Qış sirkində təşkil edilib. Reportajda güləş üzrə Azərbaycan və Fransa komandaları arasında yoldaşlıq görüşü ilə yanaşı, ölkəmizin idman həyatı və Bakıda keçiriləcək birinci Avropa Oyunları ilə bağlı da ətraflı məlumat verilib.

Azərbaycan Güləş Federasiyasının birinci vitse-prezidenti, Dünya Güləş Birliyi İdarə Heyətinin üzvü Namiq Əliyevin müsahibəsinin təqdim edildiyi süjetdə güləşin ölkəmizdə populyar olduğu bildirib. O, 2015-ci ilin aprel ayında Bakıda birinci Avropa Oyunlarına test xarakterli yarışların keçiriləcəyini diqqətə çatdırıb.

Reportajın sonunda birinci Avropa Oyunlarından və Azərbaycanın idman həyatından bəhs edən görüntülər təqdim olunub.

Xatırladaq ki, yoldaşlıq görüşü Azərbaycan güləşçilərinin 9:1 hesablı qələbəsi ilə başa çatmışdı.

Xəbər 1043 dəfə oxundu.