Azad Rəhimov 2014-cü ilə media nümayəndələri ilə yekun vurdu
Gənclər və idman naziri Azad Rəhimov dekabrın 29-da media nümayəndələri ilə görüş keçirdi. Nazir görüş çərçivəsində 2014-cü ildə gənclər və idman sahələrində görülüş işlər haqqında danışdı, mətbuat nümayəndələrini maraqlandıran bir sıra suallara cavab verdi.

Azad Rəhimov görüşdə ilk növbədə jurnalistlərə müraciət edərək, xarici qüvvələrin təsiri ilə bəzi jurnalistlərin 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarına qısqanclıqla yanaşdıqlarını və ona qarşı kampaniya apardıqlarını bildirdi və jurnalistləri bu məsələyə həssas yanaşaraq, onların bu əməllərinə öz yazılarında samballı cavab verməyə çağırdı. Gənclər sahəsində həyata keçirilən tədbirlərdən danışan nazir başa vurduğumuz ildə dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin rəhbərliyi altında idman sahəsində görülən işlərdən, əldə edilən uğurlardan söz açdı. A.Rəhimov bildirdi ki, 2014-cü ildə federasiyalarla birlikdə ölkəmizdə 300-dən çox respublika yarışı, 55 beynəlxalq yarış keçirilib. Xarici ölkələrdə keçirilmiş 320 beynəlxalq yarışda idmançılrımızın iştirakı təmin olunub. 2014-cü il ərzində olimpiya və qeyri-olimpiya idman növləri üzrə rəsmi beynəlxalq yarışlarda - dünya və Avropa çempionat və birinciliklərində, kubok yarışlarında 275 qızıl, 255 gümüş və 275 bürünc, ümumilikdə 805 medal əldə edilib. Bunlardan 278-i (89 qızıl, 80 gümüş, 109 bürünc) olimpiya, 527-si (186 qızıl, 175 gü-müş, 166 bürünc) qeyri-olimpiya idman növlərindən olub. İdman növləri üzrə yığma komandalar, hər biri 12 gün-dən az olmayaraq, 160 təlim-məşq toplanışında (115-i Azərbaycanda, 45-i xarıcı ölkələrdə) iştirak edib.
Ölkəmizdə 2014-cü ildə keçirilən mötəbər beynəlxalq tədbirlərdən söz açan nazir 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarına hazırlıq işləri, hazırlanan idman qurğuları, atletlər kəndi, yarışların proqramları barədə məlumat verdi. İdman qurğularının tikinti və təmirindən danışarkən A.Rəhimov hazırda 9 olimpiya idman kompleksinin tikintisinin davam etdiyini bildirdi. Tədbirin sonunda nazir jurnalistlərin suallarını cavablandırdı.

Xəbər 1211 dəfə oxundu.