Bakı 2-ci ailəvi idman yarışı baş tutdu
Dekabrın 20-də Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi (MOK), Təhsil Nazirliyi və Olimpiya Oyunlarının Ümumdünya tərəfdaşı olan Coca-Cola şirkətinin birgə həyata keçirdiyi “Fəal ailəm, sağlam aləm” proqramı çərçivəsində ABU Arena İdman Kompleksində “Bakı 2-ci Ailəvi idman yarışı” keçirilib. Musiqili-bədii və əyləncəli idman proqramından ibarət olan tədbirin əsas məqsədi, kütləvi idman üçün ailə mühitinin faydası və vacibliyini nümayiş etdirməkdən və sağlam həyat tərzini təşviq etməkdən ibarət olub. Şən, təhlükəsiz və inklusiv oyunlardan ibarət yarışlarda 10 müxtəlif rayon və şəhərlərdən olan 12 ailə iştirak edib.

“Bakı 2-ci ailəvi idman yarışı”nda Milli Olimpiya Komitəsinin, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Milli İdman Federasiyalarının və Coca-Cola şirkətinin rəhbərləri ilə birgə Olimpiya və Paralimpiya çempionları, ulduz idmançılar da iştirak edib. İştirakçı ailələrə dəstək olmaq üçün ailəvi idman yarışlarına Milli Olimpiya Səfirləri Fərid Mansurov (Afina, 2004) və əməkdar artist Tünzalə Ağayeva da qatılıb.
Yarışı giriş sözü ilə açan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə layihənin əhəmiyyətindən danışaraq bu kimi tədbirlərin uşaq və gənclərin idman ruhu ilə tərbiyə edilməsində, kütləvi bədən tərbiyəsi və idmanın təşviq edilməsində mühüm rol oynadığını vurğulayıb.

Final yarışları iki raunddan ibarət 6 estafetdən təşkil olunub. “Bakı 2-ci ailəvi idman yarışı”nın final mərhələsinə yüksələn komandalar Xaçmazdan Nurullayevlər, Zaqataladan Məmmədovlar, Qusardan Əzimovlar və Qəbələdən Əhmədovlar ailəsi olub. Gərgin rəqabət şəraitində keçən 3+1 estafetin nəticəsi olaraq birinci yerə Qusardan Əzimovlar, ikinciyə Zaqataladan Məmmədovlar, üçüncüyə Qəbələdən Əhmədovlar ailəsi layiq görülüblər.

Tədbirin sonunda yarışın qalibləri təşkilatçılar tərəfindən qiymətli hədiyyələr və diplomlarla mükafatlandırılıblar.

Xəbər 904 dəfə oxundu.