Birinci Avropa Oyunları Akademiyasının Məzun Təkmilləşdirmə Proqramını 188 gənc uğurla başa vurub
“Bakı-2015” Avropa Oyunlarının Əməliyyat Komitəsi tərəfindən yaradılan Oyunlar Akademiyasının Məzun Təkmilləşdirmə Proqramını 188 gənc uğurla başa vurub.

Bu təşəbbüs Azərbaycan və Avropa universitetlərini bitirmiş məzunların daxil olduğu yerli heyət üzvlərini yetişdirərək, onları çoxsaylı idman növlərini əhatə edən mötəbər beynəlxalq tədbirlərin səmərəli şəkildə keçirilməsinə hazırlamaq və eləcə də gələcək karyeralarında təcrübələrini artırmaq məqsədi daşıyır. bp şirkəti Azərbaycanda peşəkar bacarıqların davamlı irsinin yaradılmasını dəstəkləyən və innovativ təlim proqramı olan “Bakı-2015” Oyunlar Akademiyası təşəbbüsünün eksklüziv rəsmi tərəfdaşıdır.

Bu münasibətlə Bakıda keçirilən tədbirdə çıxış edən bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrel deyib: “Əminəm ki, Oyunlar Akademiyasındakı iştirakçıların başa vurduqları təlim modulları son dərəcə faydalı olub. İştirakçılar qarşıdan gələn mötəbər idman tədbirinə hazırlıq zamanı səriştə və biliklərə yiyələndikcə, bp bu birillik proqram ərzində gələcək təlimlərə də öz dəstəyini davam etdirəcək. Həmçinin əminəm ki, Oyunlar Akademiyası Azərbaycan və Avropa ölkələrindən olan 188 məzunun əksəriyyətinə uzunmüddətli karyera üçün yol açacaq. İnanıram ki, könüllülər Akademiyada yiyələndikləri səriştələrdən istifadə etməklə qarşılarına çıxa biləcək çətinliklərin öhdəsindən uğurla gələcəklər”.

“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru, Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov isə bildirib ki, gələn il ilk Avropa Oyunlarına ev sahibliyi etməyimiz ölkəmizin idman tarixində şanlı səhifə kimi yadda qalacaq. Biz bu tarixi hadisəyə hazırlıq üçün bp ilə birgə işləməkdən məmnunuq. Nazir Avropa Oyunlarının Məzun Təkmilləşdirmə Proqramının “Bakı-2015”in heyətinə iddialı və istedadlı gəncləri cəlb etdiyini vurğulayıb.

Azərbaycanın beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etdiyini deyən A.Rəhimov diqqətə çatdırıb ki, özünü idman ölkəsi kimi təsdiq edən respublikamızda gələcəkdə də beynəlxalq tədbirlər keçiriləcək. Bizim üçün bu cür tədbirlərdə gənclərin əməyindən yararlanmaq böyük fürsətdir. Avropanın ən böyük idman tədbirinin başlanmasına 200 gündən də az vaxt qalıb. Bu Oyunların keçirilməsinə təxminən 20 min könüllü qoşulacaq. Ümumiyyətlə, Azərbaycanın 2016-cı ildə Şahmat Olimpiadasına və “Formula-1” üzrə Qran-pri yarışlarına, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına, eləcə də 2020-ci il futbol üzrə Avropa çempionatının oyunlarına ev sahibliyi edəcəyini nəzərə alsaq, bp kimi tərəfdaşlarımızla daha böyük uğurlara imza atacağımıza əminəm.

Çıxış edənlər “Bakı-2015” Oyunlar Akademiyasının Məzun Təkmilləşdirmə Proqramının əhəmiyyətindən danışaraq, bir çox beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edən Azərbaycanda bu sahədə böyük təcrübə qazanıldığı vurğulayıblar.

Sonra ilk Avropa Oyunları ilə bağlı videoçarx nümayiş etdirilib.

Ümumilikdə 188 universitet məzunu bu ilin iyulunda Proqrama cəlb olunub. Proqram ərzində 162 azərbaycanlı və 26 beynəlxalq məzuna ilk Avropa Oyunlarının uğurlu təşkili üçün altı təlim modulu keçirilib. Həmin könüllülərə digər mötəbər idman tədbirlərində də təcrübə qazanmaq imkanları yaradılacaq.

AzərTAc

Xəbər 908 dəfə oxundu.