Rinq ustalarımız təlim-məşq toplanışında | |
Boks üzrə milli komandamız təlim-məşq toplanışına yollanıb. İdman.com.az saytının məlumatına görə, əsasən son Azərbaycan çempionatının qalibləri və gümüş mükafatçılarından təşkil olunmuş heyət Lənkəranda ümumi fiziki hazırlıq keçəcək. Zədə səbəbindən ölkə çempionatında iştirak etməyən – Salman Əlizadə və Elvin İsayev də məşq prosesinə qatılacaqlar. Uzun fasilədən sonra dünya və Avropa çempionatının mükafatçısı Samir Məmmədov, eləcə də 2005-ci ildə dünya çempionatında bürünc medala layiq görülmüş Emil Məhərrəmov da heyətə daxil edilib. Toplanış yanvarın 30-dək yığmanın məşqçisi Nəriman Abdullayevin rəhbərliyi altında keçəcək. Olimpiya oyunlarına lisenziya qazanmış 5 boksçumuz – Elvin Məmişzadə (52 kq), Heybətulla Hacəliyev (64 kq), Soltan Migitinov (75 kq), Teymur Məmmədov (91 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) isə yanvarın 16-da ABŞ-ın Mayami şəhərinə yola düşəcəklər. Boksçularımız fevralın 29-dək orada baş məşqçi Yevgeni Kotov və amerikalı peşəkar boks mütəxəssisləri ilə birgə fiziki hazırlığın gücləndirilməsi istiqamətində çalışacaqlar. Onlar vətənə döndükdən sonra martın 5-də Bakıda “Böyük İpək Yolu” beynəlxalq turnirində iştirak edəcəklər. Digər heyət isə fevralın 7-dən 12-ə kimi Macarıstanın Debretsen şəhərində keçiriləcək İstvan Bocskai memorialında və Sofiyada təşkil olunacaq (21-26 fevral) Stranja beynəlxalq turnirində mübarizə aparacaqlar. Təlim-məşq toplanışına cəlb olunan heyət aşağıdakılardır: 49 kq – Salman Əlizadə, Tural Əhmədov 52 kq – Cavid Çələbiyev 56 kq – Samir Məmmədov, Rəhim Nəcəfov 60 kq – Elvin İsayev, Tapdıq Bayramov 64 kq – Ruslan Qasımov 69 kq – Tamerlan Abdullayev, Emil Məhərrəmov 75 kq – Fariz Məmmədov 81 kq – Vətən Hüseynli, Rahib Bəylərov 91 kq – Kamran Mehdiyev +91 kq – Zamiq Atakişiyev, Fərid Şabanov |
|
Xəbər 1155 dəfə oxundu. |
|
|