“Xəzər Lənkəran” belaruslu futbolçuları düşərgəsinə dəvət edib
“Xəzər Lənkəran” iki futbolçunu baxışa çağırıb. İdman.com.az klubun rəmsi saytına istinadən xəbər verir ki, hər 2 futbolçu Belarusdandır. Bunlar Anton Kovalevski və Maksim Karpoviçdir. Onlar 1986-cı il təvəllüdlüdürlər.

Anton Kovalevski qapıçıdır. O, 2002-2004-cü illərdə Vitebsk “Lokomotiv”inin, 2004-2010-da Novopolotsk “Naftan”ının, 2010-2011-də Bobruysk “Belşina”sının və 2011-ci ildə Jodino “Torpedo”sunun şərəfini qoruyub. Ümumən, Kovalevski ölkəsinin Premyer Liqasında 102 oyun keçirib. Həmçinin bu futbolçu ölkəsinin milli komandalarında da çıxış edib: U-16 (2002-ci il, Avropa birinciliyinin seçmə oyunları), U-18 (2004-cü il, Avropa birinciliyinin seçmə oyunları), U-21 (2006-2008 Avropa çempionatı və seçmə oyunları; 2009-cu il gənclər arasında Avropa çemionatının final görüşləri). 2009-cu ildə Anton 2010-cu il dünya çempionatının seçmə oyununa da vətəninin milli yığmasına bir dəfə cəlb olunmuşdu. Həmin oyun Qazaxstana qarşı keçirilmişdir.

Maksim Karpoviç isə cinah müdafiəçisi qismində oynaya bilən mərkəz yarımmüdafiəçisidir. Bu futbolçu 2002-2004-cü illərdə Mozır şəhərinin “Slaviya” klubunda, 2004-2009-da – Novopolotsk “Naftan”ında, 2009-2010-da Mogilyov “Dnepr”ində, 2011-ci ilin birinci yarısında Ukraynanın “Vorskla” (Poltava) klubunda, həmin ilin qalan hissəsində isə yenidən Novopolotsk “Naftan”ında çıxış edib. Maksim Belarusiyanın Premyer Liqasında 170, Ukrayna Premyer Liqasında 3, Avroliqada Mogilyovun “Dnepr” komandasının tərkibində 8 oyun keçirib. Yuxarıda göstərilən həmyerlisi kimi Karpoviç də Belarusiyanın U-16 (2002-ci il, Avropa birinciliyinin seçmə oyunları), U-18 (2004-cü il, Avropa birinciliyinin seçmə oyunları), U-21 (2006-2008 yeniyetmələrdən ibarət yığma komanda, Avropa çempionatı və seçmə oyunları) milli komandalarının üzvü olub.

Xəbər 1024 dəfə oxundu.